Rusiyalı biznesmen Araz Ağalarov və oğlu Emin yenidən ABŞ məhkəməsinə müraciət edərək Demokratlar partiyasının Milli komitəsinin onlara qarşı qaldırdığı iddianın rədd edilməsini xahiş ediblər.
Gundemxeber.az Virtualaz.org-a istinadla xəbər verir ki, demokratların Milli komitəsinin ötən il qaldırdığı mülki məhkəmə iddiasına əsasən Ağalarovlar da daxil olmaqla bir neçə rusiyalı, o cümlədən Donald Trampın kürəkəni Cared Kuşner, müşavirləri Corc Papadopulos, Rocer Stoun, WikiLeaks saytı və onun qurucusu Culian Assanc ə digərləri 2016-cı il Amerika seçkilərinə müdaxiləyə görə cavabdehlik daşımalıdır. Bu şəxslər əlbir olaraq partiyanın seçki qərargahına kibermüdaxilədə və prezident seçkiləri kampaniyası zamanı elektron məlumatların ələ keçirilməsində ittiham olunurlar.
ABŞ məhkəməsi bu iddianı baxılmaq üçün qəbul edib və prosedura görə iddianın nüsxələrini cavabdehlərə də göndərib. Lakin iddianı Ağalarovla çatdırmaq mümkün olmamışdı.
Ağalarovların cavab iddiasına əsasən demokratların Milli komitəsi onların seçkilərə müdaxiləsinə dair hər hansı sübut təqdib edə bilməyib. İddia ərizəsində Ağalarovların seçkilərə müdaxilə planında əli olmasına və ya bu plandan xəbərdar olmasına dair hər hansı qeyd də yoxdur.
Ağalarovlar hesab edir ki, onlara qarşı ittiham ancaq rusiyalı olduqları və Donald Trampla təmaslarına görə irəli sürülüb.
Bildirilir ki, demokratlar ötən il iddia qaldıranda Ağalarovlar onun rədd edilməsi üçün məhkəməyə müraciət etmişdilər. Bu ilin yanvarında demokratlar iddiaya düzəliş edərək yenidən məhkəməyə təqdim ediblər və nəticədə rusiyalı biznesmenlər yenidən iddianın rədd edilməsi üçün məhkəməyə müraciət etməli olublar.
Bu arada Konqresin Nümayəndələr palatasında çoxluğa malik olan demokratlar Tramp-Rusiya gizli işbirliyinə dair yeni təhqiqat başladıblar. Konqresmenlər bu təhqiqatla bağlı Tramp-Rusiya gizli işbirliyində əli ola biləcək hər kəsdən, o cümlədən Ağalarovlardan təhqiqata kömək etməyi, əllərindəki məlumatları onlarla bölüşməyi xahiş edir. Təhqiqatın nəticəsi olaraq Trampın barəsində impiçment proseduru başladıla bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?