Aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənovun işi üzrə iclas davam edib.
O, 2018-ci ilin oktyabrında 4 ildir siyasi mühacirətdə olduğu Litvadan Bakıya qayıtdıqdan dərhal sonra saxlanılıb və 234.4.3-cü (böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi) maddə ilə ittiham olunub.
Bugünki iclasda şahid Elvin Tağıyevin ifadələri dinlənilib. O, məhkəmədə özünü Bakının Ramana qəsəbəsində cüdo məşqçisi kimi təqdim edib.
Təqsirləndirilən şəxs və vəkil şahidin məhkəməyə və istintaqa verdiyi ifadələrdə uyğunsuzluqlar olduğunu qeyd edərək, onu yalan danışmaqda ittiham edib.
Azad Həsənov Tağıyevdən təqsirləndirilən şəxsin cibindən çıxarılan mobil telefonunun hansı markalı və hansı rəngdə olduğunu soruşub. Hal şahidi xatırlamadığını deyib. Bu zaman Həsənov qeyd edib ki, həmin vaxt onun telefonu yox idi, belə ki, polis əməkdaşları telefonu müsadirə etmişdilər.
Vəkil Osman Kazımov axtarış protokolunda hal şahidinin guya Həsənovdan götürülmüş paketlərin içərisində boz rəngli maddə olduğunu iddia edib, məhkəmədə isə o, "süd rəngli" maddə olduğunu deyib.
Bundan başqa, hal şahidi məhkəmədə Həsənovdan götürüldüyü iddia olunan narkotikin qablaşdırılmasını, habelə digər şahidin xarici görünüşünü fərqli təsvir edib.
Vəkil daha əvvəl şahid qismində ifadə vermiş iki polis əməkdaşının yenidən dindirilməsi barədə vəsatət qaldırıb.
Vəkil deyib ki, hər ikisi məhkəmənin Həsənovun üzərində narkotik olduğu barədə operativ məlumatın mənbəyi haqqında sualına cavab verməkdən imtina edib. O, bunu təqsirləndirilən şəxsin ədalətli məhkəmə təhqiqatı hüququnun pozuntusu kimi qiymətləndirib. Məhkəmə vəsatəti təmin edib. Növbəti iclas aprelin 9-na təyin edilib.
Hüquq müdafiəçiləri Həsənovu “siyasi məhbus” kimi tanıyıb.//amerikaninsesi.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?