Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsi Salyan rayon (Bakıdan 127 kilometr cənub) sakini Niyaməddin Sadıqovdan 14 kiloqram 685 qram narkotik vasitə olan tiryək götürüb.
GundemXeber.Az bildirir ki, Daxili İşlər Nazirlıiynin mətbuat xidmətinin məlumatına görə, narkotik Sadıqovun əlindəki torbadakı 5 ədəd bağlamada olub.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından Biləsuvar rayonu ərazisində əldə edib. Sadıqov ifadəsində tiryəki satmaq niyyəti ilə həmin şəxsdən aldığını bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hüquq mühafizə orqanlarının və narkotiklərlə bağlı keçirilən məhkəmə işləri barədə mediada dərc edilən məlumatların təhlili göstərir ki, Azərbaycana narkotiklər əksər hallarda İrandan quru yolu ilə gətirilir. Hüquq mühafizə və gömrük orqanları il ərzində dəfələrlə İrandan gətirilən böyük partiya narkotik tutub.
Sonuncu dəfə bu il martın 19-da İrandan gətirilən 110 kiloqram 400 qram heroin tutulub.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev yerli mediaya bildirib ki, 2018-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar olunub.
“Bu faktlar üzrə ümumilikdə 1 ton 193 kq 527 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb".
"2018-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 291 nəfər: 252 kişi və 39 qadın olmaqla, 199 nəfər Azərbaycan vətəndaşı və 92 nəfər əcnəbi (58 İran, 14 Gürcüstan, 9 Rusiya, 6 Türkiyə, 2 Qazaxıstan, 1 Ukrayna, 1 Türkmənistan və 1 ABŞ vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 24 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib" , o qeyd edib.
İranla sərhəddə narkotik qaçaqmalçıları ilə silahlı insidentlər də baş verir. Bu il martın 10-da və 12-də baş verən atışma zamanı bir hərbçi, bir mülki vətəndaş öldürülüb. Ümumilikdə bu il ərzində sərhəddə baş verən atışmada azı 4 nəfər öldürülüb.
Sərhəd təhlükəsizliyi məsələsi iki ölkə arasında da müzakirə mövzusudur.
2018-ci ilin dekabrında İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi Bakıda səfərdə olub. 2019-cu il yanvarın 9-da isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İranda səfərdə olub. Hər iki səfər zamanı təhlükəsizlik və sərhəd təhlükəsizliyi məsələləri diqqət mərkəzində olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?