Lənkəran Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, narkotik satışında şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Qumbaşı kənd sakini, əvvəllər məhkum olunmuş Sübhan Əliyev olduğu müəyyənləşib. Baxış zamanı onun üzərindən 1,5 qram tiryək aşkarlanıb.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Sübhan Əliyevin yaşadığı evə də baxış keçirilib. Oradan əlavə 1 kiloqram 945 qram marixuana, 4,1 qram heroin, 92,84 qram tiryək, həmçinin müvafiq sənədləri olmayan lüləsi kəsilmiş 1 ədəd “TOZ-25”, 1 ədəd xaricdə istehsal edilmiş ov tüfəngi, 6 patron, 3 xəncər, 1 balta və 1 maska aşkarlanaraq götürülüb. ŞRPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində saxlanılan Qumbaşı kənd sakini Yalçın Dadaşovun üzərinə baxış zamanı tiryək aşkar edilib. Polis əməkdaşları tərəfindən onun evinə baxış zamanı əlavə olaraq 114,54 qram tiryək, 5,571 qram heroin, “Metamfetamin” və xəncər aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?