"Ötən il baş verən Gəncə hadisələri ilə bağlı həbs edilmiş şəxslərin bəzi yaxınları dünən, aprelin 22-də saxlanıb buraxılıblar. Onlar həmin gün Gəncədə etiraz aksiyası keçirmişdilər".
Bunu AzadlıqRadiosuna hüquq müdafiəçisi Oktay Gülalıyev bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, aprelin 22-si axşam polislər evlərə gələrək aksiya keçirənlərdən bəzilərini Gəncə Şəhər Polis İdarəsinə aparıblar: "Övladlarına azadlıq tələb etdiklərinə görə məhbus anaları Sevinc Hüseynova, Aybəniz Əliyeva və başqaları evlərindən zorla polis bölməsinə aparılıb...".
Hüquq müdafiəçisinin vurğulamasına görə, saxlananların hamısı sonra buraxılıb. Oktay Gülalıyevin bildirdiyinə görə, onlara aksiya zamanı bəzi polis və prokurorluq əməkdaşlarının şəkillərini nümayiş etdirmələri irad tutulub.
Amma bu deyilənlərə, hələlik, nə Daxili İşlər Nazirliyindən, nə də Gəncə Şəhər Polis İdarəsindən münasibət öyrənmək mümkün olub.
Aprelin 22-də Gəncədə ötən il bu şəhərdə baş verən hadisələr zamanı həbs edilən şəxslərin valideynləri etiraz aksiyası keçiriblər. Onlar əllərində həbs edilən uşaqlarının və keçmiş prezident Heydər Əliyevin şəkillərini tutublar.
Aksiya iştirakçıları keçmiş prezidentdən belə bir sitat da gətiriblər: "Dövlət iki halda sarsıla bilər. Günahkarlar cəzasız qalanda, günahsızlara cəza veriləndə".
Aksiya iştirakçıları deyiblər ki, uşaqları tutulduqdan sonra həm Gəncədə, həm də Bakıda işgəncələrə məruz qalıblar. Onların bildirdiyinə görə, elektrikə verilənlər, ağır şəkildə döyülənlər və təhqir edilənlər olub.
Valideynlərin vurğulamasına görə, bu barədə dəfələrlə şikayətlər etsələr də, onların müraciətinə baxan olmayıb. Çıxışçılar qeyd ediblər ki, baş verənlər onlara da pis təsir göstərib. Onların deməsinə görə, tutulanlardan birinin anası vaxtsız vəfat edib, bir başqasının anası isə intihara cəhd edərkən qarşısı alınıb.
Aksiya iştirakçıları dövlət başçısına, birinci vitse-prezidentə, Baş Prokurorluğa və başqa bir sıra qurumlara ünvanlanan müraciətlərini də oxuyublar. Müraciət müəlliflər uşaqlarının günahsız yerə tutulduğunu bildirərək, işgəncəyə yol verən hüquq-mühafizə əməkdaşlarının cəzalanmasını istəyiblər.
Çıxışçıların deməsinə görə, hüquq-mühafizə orqanları təxribatçıları vaxtında zərərsizləşdirməklə hadisələrin gərginləşməsinin qarşısını ala bilərdilər. Hətta, onlar bu məsələdə hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı müəyyən şübhələrini də dilə gətiriblər. İcra hakimiyyətinin önünə yürüş
Aksiya iştirakçıları daha sonra əllərində tutduqları plakatlarla birgə Gəncə Şəhər İcra Hakimiyyətinin önündəki meydana toplaşıblar. Onlar orada da tutulanların bir çoxunun günahsız olduqlarını bəyan ediblər. Daha sonra onları polislər əhatəyə alıb. Polislər şikayətçilərə yaxınlaşaraq aksiyanın razılaşdırılmadığını və bu üzdən qanunsuz olduğunu deyiblər. Polislərin sözlərinə görə, şikayətçilər hakimiyyət orqanlarına müraciət edib, onun nəticələrini gözləməlidirlər. Bundan sonra aksiya tədricən sakit məcraya keçib.
Aksiyada səslənən fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Gəncə hadisələrində tutulanların valideynləri bundan əvvəl də işgəncə iddiaları ilə bağlı şikayətlər dilə gətiriblər. Konkret bu şikayətlərə də rəsmi qurumlar münasibət bildirməyiblər. Amma onlar, bir qayda olaraq, təcridxana və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri ümumən əsaslı saymırlar. Belə şikayətləri həqiqətə söykənməyən, böhtan xarakterli məlumatlar adlandırırlar.
6 qrupun işi məhkəməyə verilib Baş Prokurorluq Gəncə olayları ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə getdiyini açıqlayıb. Qurumda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilirdi ki, Gəncədə ötən il iyulun 3-də icra başçısına sui-qəsdlə bağlı 29 nəfər haqqında qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunub. Verilən məlumata görə, Gəncədə həmin ay sonrakı hadisələr və iki polisin qətli ilə bağlı isə 59 nəfər şəxslə bağlı həbs-qətimkan tədbiri seçilib.
2 qrupun məhkəməsi başa çatıb Onlardan yalnız, hələlik, 2 qrupun məhkəməsi başa çatıb. Hökmlər martın 1-də Sabunçu Rayon Məhkəməsində çıxarılıb. Onlar Cinayət Məcəlləsinin (CM) 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar) maddəsi ilə ittiham ediliblər. Bəzilərinin əlavə olaraq CM-nin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi ilə də təqsirli bilindiyi qeyd olunur.
Birinci qrupda mühakimə olunan 6 şəxsə 6 ildən 8 ilə qədər həbs verilib. İkinci qrupda mühakimə olunan 8 şəxsin isə 5 ildən 8 ilə qədər cəza aldığı qeyd olunur.
Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.
Bir nəfər isə ayrılıqda mühakimə olunub. Gəncədə icra başçısı Elmar Vəliyevə sui-qəsddən sonra sosial şəbəkələrdə yazdığı statuslara görə həbs olunan Qarabağ əlili Rza Səfərsoy bu il məhkəmə zalından azadlığa buraxılıb. R.Səfərsoy ötən il iyulun 9-dan həbsdə idi. Ona qarşı CM-nin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham irəli sürülmüşdü. Səbail Rayon Məhkəməsi ona 2 il həbs cəzası vermişdi. Hökmdən narazı qalan R.Səfərsoy apellyasiya məhkəməsinə müraciət etmişdi.
Xatırlatma
2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.
Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Yunis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Yunis Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb.
Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.//AzadlıqRadiosu
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?