“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi son günlər sosial şəbəkələrdə yer alan və bu qədim tarixi abidənin başına açılan oyunları əks etdirən fotolara, videogörüntülərə və rəylərə rəsmi münasibət bildirib. Bununla yanaşı, qoruğun hazırkı aparat rəhbəri Riad Qasımov də ayrıca açıqlama və “videorolik” yayaraq, idarəni tənqid edənlərin necə “yalançı və vicdansız” olduqlarını sübut etməyə çalışıb.
Əvvəlcədən qeyd edək ki, idarənin rəsmi mövqeyilə Riad Qasımovun paylaşdığı videogörüntülər arasında ziddiyyətlər var. Məsələn, rəsmi açıqlamada yeni tikilən iaşə obyektlərilə qədim qala divarları arasında 1.5 metr məsafə olduğu deyilir.
riad
Riad Qasımovun yaydığı görüntülərdə isə arada nəinki 1.5, heç yarım metr də məsafənin olmadığı görünür. Daha bir maraqlı məqam – qoruq rəsmisi deyib ki, qala divarlarının uçurulması ilə bağlı paylaşılan şəkillər 2011-2012-ci illərə aiddir, yəni ki, hadisə indiki rəhbərliyin yox, hazırkı vergilər naziri Mikayıl Cabbarovun vaxtında baş verib.
Ancaq əsas məsələ heç bu detallarda da deyil. Ümumiyyətlə, bu açıqlamalarda nə deyilməsindən asılı olmayaraq, Azərbaycanın və dünyanın nadir tarixi incilərindən birinin kafe-restoranların girovuna, məhbusuna çevirməyin hansı anlayışın, hansı təfəkkürün, hansı beyinin məhsulu olduğunu anlamaq çətindir.
“İçərişəhər” DTMQ-nin açıqlamasında deyilir ki, sosial şəbəkələrdə son günlərdə yayımlanan fotoşəkil hazırda ərazidə görülən işləri əks etdirmir və 2018-ci ilin noyabr ayında çəkilib. Orada görünən kərpic və digər materiallar isə qətiyyən Qala divarları ilə əlaqəli deyil: “Hazırda sözügedən ərazidə yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur. Yaradılan dayaqlar abidədən 1,5 metr aralı quraşdırılıb. Aparılan işlər zamanı restoranların terraslarının genişləndirilməsi və müasir tələbatlara uyğunlaşdırılması nəzərdə tutulub…”
Fikir verin, sanki 2018-ci ilin noyabrında da “İçərişəhər”ə tamamilə başqa adamlar nəzarət edib və o zaman baş verənlərin indiki rəhbərliyə aidiyyatı yoxdur. Kərpic və digər tikinti materialları isə həmin əraziyə yadplanetlilər tərəfindən gətirilib…
2
Açıqlamada ən çox qıcıq yaradan məqam hər şeyə rəğmən restoranların genişləndiriləcəyinin vurğulanmasıdır – yəni ki, belə abidələrin unikallığı, tarixi əhəmiyyəti, nəhayət, ictimai rəy və s. kimi anlayışlar bunların heç vecinə də deyil.
Digər tərəfdən, başa düşmək olmur ki, axı bu qurum tarixi qoruq idarəsidir, yoxsa ictimai iaşə müəssisəsi? Guya turistlərin və turizmin inkişafının qeydinə qalan bu adamlar ya anlamırlar, ya da anlamaq istəmirlər ki, “İçərişəhər”ə gələn alman, yapon, ingilis və s. buraya “qarnını otarmağa” gəlmir! Elə bilirlər ki, əcnəbi turistlər də bizim məmurlar kimi başları ilə yox, qarınları ilə düşünür və görürlər.
2018-12-2512-14-07_5c21e66137f3a
Anlamaq istəmirlər ki, guya turistlərin rahatlığı üçün inşa etdikləri bu kababxanalar əslində elə həmin turistlərin görmək istədikləri qədim qala divarlarının qarşısını kəsir, onları bizim bu qədim tarixi incimizdən zövq almaqdan məhrum edir. Bunlardan soruşan lazımdır ki, turist “İçərişəhər”ə yeyib-içməyə gəlir, yoxsa tarixi abidələrimizə baxmağa? Həm də “İçərişəhər”in ətrafı kafe-restoranlarla dolu olduğu halda, vacibdirmi ki, içəridə də kababxanalar olsun?
Bir də məsələnin sırf hüquqi tərəfi var. Görəsən, hansısa qoruq idarəsinin “İçərişəhər” kimi dövlət əhəmiyyətli tarixi bir ərazinin, abidənin başına istədiyi oyunu açmaq hüququ varmı? Varsa, bu nə dərəcədə ədalətlidir? Əslində, belə ərazilərdə nəinki restoran tikilməsi, istənilən hər hansı xırda dəyişiklik edilməsi belə, ən azı Milli Məclis kimi seçkili orqanın razılığı ilə aparılmalıdır. Çünki belə tarixi abidələr nə heç bir hökumətin, nə icra hakimiyyəti orqanının, nə də qoruq idarəsinin şəxsi mülkiyyəti deyil.
İçərişəhərdə Qoşa Qala qapısının yaxınlığında tarixi binaları belə restoranlara çeviriblər
İçərişəhərdə Qoşa Qala qapısının yaxınlığında tarixi binaları belə restoranlara çeviriblər
Deyəsən, televiziyalar vasitəsilə incəsənətimizə, mədəniyyətimizə, yaltaqları, məddahları önə – yüksək vəzifələrə çəkməklə isə mənəviyyatımıza vurulan ziyan azlıq edir, indi də kababxanalarla tarixi abidələrimizi gözdən salmaq istəyirlər.
Görünür, bəzi təfəkkürləri bozbaş iyi verənlər, hər şeyi mədələri, qarınları ilə ölçənlər qəbul etmək istəmirlər ki, “İçərişəhər” kiminsə atasının yox, bütün xalqın malı, mülküdür!
“İçərişəhər”dəki restoranlar qala divarlarını görünməz edib
“İçərişəhər”dəki restoranlar qala divarlarını görünməz edib
Əslində, hazırda “İçərişəhər”də baş verənlər və ictimaiyyətin buna təpkisi hökumət üçün bir sınaq sayıla bilər. Görək tariximizə sahiblənmək və ictimai rəy kimi anlayışlar üstün tutulacaq, yoxsa kimlərinsə bütün əndazələri aşan biznes maraqları…
Sonda tənqidlərə cavab olaraq yayımlanan rəsmi açıqlamadan bir hissə diqqətimizi cəlb etdi: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qoruq ərazisində tarixi-mədəni və əyləncə məfhumları arasında olan balansı daim nəzarətdə saxlayır və heç bir halda bu tarazlıq pozulmayacaq”. Yazıq “İçərişəhər”in daha nə halı qalıb, nə də tarazlığı – nəyi qalıb ki, nəyini də pozasınız…/azpolitika.info/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?