“Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” idman klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi Ehram Məcidov hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-ci il təvəllüdlü Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Bildirək ki, bu iş üzrə zərərçəkmiş şəxs Ehtiram Məcidovun qayınatası 1953-cü il təvəllüdlü Bəhruz Dilbazidir.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror törətdiyi cinayət əməlinə görə Ehram Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkənin vəkili Ceyhun Yusifov cəzanın azlığından gileylənib. Bildirib ki, tərəflər arasında barışıq olmayıb, mülki iddia var, Ehram Məcidovun hədə-qorxusu davam edir. Vəkil Ehram Məcidova minimum cəza istənilməsinin ədalətli olmadığını deyib.
Vəkil çıxışının davamında məhkəmədə gərginlik yaradan ifadə işlədib. Bildirib ki, idmançının qolu güclü olsa da, ağlı olmadan, onu idarə edə bilməz. Bu sözlər Məcidovun və zaldakı idmançıların narazılığına səbəb olub. Tərəflər arasında mübahisə yaranıb.
Hakim hər iki tərəfə xəbərdarlıq edib. Hakim vəkilə bildirib ki, məhkəmə zalında idmançıların olduğunu bildiyi halda bu cür çıxış etmək doğru deyil.
Məhkəmə iclası iyunun 17-də davam etdiriləcək.
Bildirək ki, Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Əgər məhkəmə istintaqı dövründə E.Məcidovun əməli sübuta yetirilərsə, onu 7 ildən 11 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir./musavat
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?