Ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Rüfət Vəliyev 15 il, Malik Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror Rüfət Vəliyevin 13 il, Malik Əliyevin isə 13 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. Bildirək ki, pullar 3 il ərzində çıxarılsa da cinayət işi materiallarında olan sənədlər başqa məqamları üzə çıxarır. Belə ki, məlum olub ki, rəsmi sənədlər saxtalaşdırılıb. Həmin saxta sənədlərdə pulların 2006-cı ildən ölkədən çıxarılmasına başlanıb.
Əvvəlki proseslərdə isə məlum olmuşdu ki, ölkədən milyardların çıxarılması üçün istifadə edilən şirkətlər o dövrdə Vergilər Nazirliyinə verdikləri rüblük hesabatların hamısında fəaliyyətlərinin olmadığını göstəriblər. Həmin zaman da nazir Fazil Məmmədov idi.
Vergilər Nazirliyi bu şirkətlərlə bağlı yoxlama təyin etsə də, 10 gün sonra o qərar ləğv olunub. Beləliklə, o şirkətlərin adına olan bank əməliyyatları ilə hesabatlar arasındakı ziddiyyəti araşdıran olmayıb.
Qeyd edək ki, Malik Əliyev “Royalbank”ın 10 saylı filialının direktor müavini işləyib. M.Əliyev eyni cinayət əməlinə görə 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşüb. Rüfət Vəliyev özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib və guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib. Bunun üçün də banklardan birində onlara otaq ayrılıb.
İttihamda qeyd edilir ki, R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb.
Sonra da xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği kompüter vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.
Rəsmi ittihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konvertasiya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.
Qeyd edilən məbləğin təqsirləndirilən şəxsə aid olmadığı aydındır. Lakin məhkəmədə dəfələrlə sual verilsə də onlar kimlərin pulunu ölkədən çıxardıqlarını etiraf etməyiblər.
Musavat.com-un bu cinayət işi ilə bağlı əldə etdiyi eksklüziv məlumata görə, pullar sabiq MTN naziri Eldar Mahmudova məxsus olub. Milyardlar da məhz onun qudası, sabiq bankir Cahangir Hacıyevin vasitəsi ilə ölkədən çıxarılaraq ofşor hesablara köçürülüb.
Qeyd edək ki, Azərbaycan təcrübəsini nəzərə alsaq, bir müddət sonra onların cəzasının 4-5 ilə qədər azaldılacağını, sonra da 2/3-lə azadlığa buraxılacaqlarını gözləmək olar…
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?