"Başıma dubinkayla o qədər vurmuşdular ki, stula bağlayıb divara çırpırdılar. Baxmırdılar ki, baş dəydi, bədən dəydi. Döyülməkdən əynimdə paltar da qalmamış, hamısı cırılmışdı. Mənə Kəpəz Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasındakı adamların paltarlarından verdilər, geyindim", - Gəncə hadisələrinə görə həbs olunmuş Vüqar Xudiyevin sözləridir.
Vüqar Xudiyev Gəncədə icra başçısı və mühafizəçisinin güllələnməsindən sonra iyulun 10-da keçirilən aksiyanın təşkilində və hadisə sırasında polislərə müqavimət göstərməkdə ittiham olunur.
Müttəhimlərə 6 ildən 8 ilədək həbs cəzası verilib. O, daha beş nəfərlə - Elman Rüstəmov, Nemət Heydərli, Elvin Allahverdiyev, Elvin Nəzərov və Renat Məmmədovla eyni qrupda mühakimə edilib. Bu adamlara 6 ildən 8 ilədək həbs cəzası verilib. Onlar özlərini təqsirli bilmədiklərindən, hökmdən apellyasiya şikayəti veriblər.
İyulun 23-də bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılarkən, Vüqar Xudiyevin vəkili Zibeydə Sadıqova hakimlərdən xahiş edib ki, adamların işgəncə şikayətlərini araşdırmaqdan ötrü müxtəlif dövlət orqanlarına sorğular göndərilsin.
Vəkil məhkəmənin Gəncədəki Nizami və Kəpəz rayon polis idarələrindən və 2 saylı istintaq təcridxanasından videogörüntülər alınmasını istəyir. Sözügedən görüntülər ötən ilin iyuluna aiddir. Müdafiəçinin fikrincə, o videolara baxılsa, həbs olunanların işgəncəyə məruz qalmaları barədə deyilənlərin doğru olub-olmadığı aydınlaşar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?