Fevralın 13-də Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliiyi ilə "Müsəlman Birliyi" Hərəkatının sədri, Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Taleh Bağırova daha 5 ay həbs cəzası verilib.
T.Bağırov bu dəfə Cinayət Məcəlləsinin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirli bilinib.
Yeni hökmə əsasən, T.Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilərək, ona 18 il həbs verilib.
İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd «microSD» tipli yaddaş kartları aşkar edilib. Keçirilmiş ekspertizalar həmin kartlarda qanunla qadağan edilmiş məlumat aşkarlanmaması haqda rəy verib.
Hökmdən əvvəl T.Bağırov son söz deyib. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrindəki məhkumların bir çoxu bu cür mini-kartlardan istifadə edirlər. Bunu müəssisə rəhbərliyi də bilir. Həmin kartlarda musiqilər, dini moizələr və s. olur.
İlhaiyyatçı bir daha həbsini siyasi sifariş olduğunu deyib.
Taleh Bağırov 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?