Astara sərhəd keçid məntəqəsində ticarət xərclərini azaltmaq məqsədi ilə Azərbaycan-İran müştərək ticarət darvazası istifadəyə veriləcək.
APA agentliyi bu barədə İranın Astara Gömrük İdarəsinin rəhbəri Rəsul Ümidiyə istinasdən məlumat yayıb.
Ümidi bildirib ki, müştərək ticarət darvazasının infrastruktrunun yaradılmasına dair işlərin 70 faizi yekunlaşıb. Yaxın 1 il ərzində darvaza istifadəyə veriləcək.
Rəsul Ümidi deyib ki, Astara keçid məntəqəsi ölkəsinin Avrasiya Ticarət Birliyinə üzv ölkələrlə azad ticarət aparmasında özünəməxsus yer alacaq.
Onun sözlərinə görə, bu ilin əvvəlindən Astara dəmir yolu (Şimal-Cənub dəmir yolu dəhlizi-red) vasitəsilə ixrac olunan məhsullar ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artıb.
İqtisadçı alim Nazim Byədəmirli Amerikanın Səsinə bildirib ki, İran və Avrasiya Ticarət Birliyinin aparıcı dövləti olan Rusiya Amerikanın sanksiyaları altındadır. Bu səbəbdən Azərbaycanla sərhədyanı ticarətin dövriyyəsinin artması qaçılmazdır.
“Azərbaycan və İran qonşu dövlətlərdir, hər iki dövlətin ticarət maraqları üst-üstə düşə bilər. Eyni zamanda, İranda yaşayan çoxmilyonlu azərbaycanlılar da xarici ticarətdə Azərbaycan Respublikası ilə ticarət əlaqələrinə daha çox üstünlük verir. Ancaq, təəssüf ki, İran bankları beynəlxalq pulköçürmə sitemindən (SWFT) kənarlaşdırıldığından daha çox barter üsullu ticarət üstünlük təşkil edir. Bununla yanaşı, qeyri-bank köçürmələri də sahibkarlar üçün risk ehtimalını artırır,” o qeyd edib.
İqtisadçı alimin fikrincə ABŞ sanksiyaları altında olduğundan böyük şirkətlər İranla ticarət əlaqələrinə girmir.
“Təəssüflə qeyd etməliyəm ki, İranın Ermənistan və Gürcüstanla ticarət dövriyyəsi Azərbaycandan böyükdür. Azərbaycan bazarına İran mallarının daha çox həcmdə daxil olmasına maneə törədən amil inhisarçılıqdır və İran mallarına orada alındığı qiymətdən daha çox bəyannamə qiyməti tətbiq etmək Gömrük Komitəsi tərəfindən həmin malların qiymətinin süni bahalaşdırılmasıdır. Gömrük komitəsinin sədri Səfər Mehdiyevin bu yaxınlarda İran armaturlarına bəyannamə qiymətinin 500 dollardan hesablanması ilə bağlı açıqlaması və dövlət orqanının açıq şəkildə "Baku Steel" deyilən monopolist şirkətin "maraqlarını qoruması" haqqında fikirləri bunun əyani sübutudur və İrandan daxil olan digər mallara da bu cür münasibət göz qabağındadır. Xatırladıram ki, İranda armaturun alış qiyməti 350 dollar olduğu halda Gömrük komitəsinin bu mala Azərbaycanda 500 dollardan vergi və gömrük rüsumu hesablaması həm qiymətləri süni bahalaşdırmaq, həm də qonşu ölkə ilə ticarət dövriyyəsini azaltmaqdır.”
İranda yaşayan çoxmilyonlu azərbaycanlılar da xarici ticarətdə Azərbaycan Respublikası ilə ticarət əlaqələrinə daha çox üstünlük verir. Ancaq, təəssüf ki, İran bankları beynəlxalq pulköçürmə sitemindən (SWFT) kənarlaşdırıldığından daha çox barter üsullu ticarət üstünlük təşkil edir. Nazim Bəydəmirli, iqtisadçı alim İqtisadçı hesab edir ki, bütün bu kimui maneələrə baxmayaraq İrana qarşı Amerika sanksiyaları sərhədyanı ticarətin genişlənməsini labüd edir.
“Bu səbəbdən Azərbaycanın və İranın sərhədyanı ticarət şərtlərini asanlaşdırmasına ehtiyac duyulur,” Bəydəmirli Amerikanın Səsinə deyib.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Müstafayev bu il iyulun 4-də bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 2018-ci ildə 74%, bu ilin beş ayı ərzində isə 2,3 dəfə artıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumtaına görə, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 257068,8 min dollar, 2018-ci ildə 446032,7 min dollar olub.
Azərbaycan-İran arasında 1992-ci ildən indiyədək imzalanan yüzə yaxın sənədin əksəriyyəti iqtisadi-ticarət münasibətləri əhatə edir.
1993-cü ildən Azərbaycanda İranın Bank Melli Bakı filialı fəaliyyət göstərir.
Azərbaycan isə Şimal-Cənub dəmiryolu dəhlizinin İranda inşasına 500 milyon dollar investisiya yönəldib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?