Avqustun 23-də gecə saatlarında Azərbaycan Xalq Cəbhəsi Patiyasının (AXCP) Şəki rayon şöbəsinin sədri Mubariz Abdulkərimov yolda gedərkən saxlanılaraq Şəki Polis İdarəsinə aparılıb.
Bu barədə AXCP-nin məlumatında deyilir.
AXCP fəalın bu gün məhkəmə qarşına çıxarılacağını bildirir.
“AXCP-yə qarşı repressiyalar davam edir,” partiya son həbsləri belə qiymətləndirir.
Mubariz Abdulkərimov son iki gündə polis tərəfindən saxlanılan beşinci partiya üzvüdür.
Onlardan Səhlədar İsgəndərli 60 sutka, Vilayət Məmmədov 30 sutka, Ceyhun Novruzov 10 sutka inzibati həbsə məhkum edilib, Elzamin Salayev isə 50 manat cərimələnib.
AXCP-nin məlumata görə, bu il yanvarında Milli Şuranın mitinqi ərəfəsində və sonra müxtəlif vaxtlarda bu partiyanın 70-dən çox fəalları inzibati qaydada cəzalandırılıb. Onlardan 58 nəfəri 10-sutkadan 30 sutkayadər, bir fəal isə 60 sutka inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri təkrarən inzibati həbs məruz qalıb. Onların əksəriyyəti polisin qanuni əmrinə tabe olmamaqda təqsirləndirilib. Bu il AXCP-nin 25 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə edilib.
Partiya fəallarının hamısının siyasi mövqelərinə görə şərləndiyini bildirib.
Azərbaycanın rəsmiləri bir qayda olaraq ölkədə bütün fundamental azadlıqların təmin edildiyini bəyan edir. Rəsmi Bakı insanların qanun qarşısında bərabər olduğunu və siyasi baxışlarına görə təqib olunmadığını bildirir.
Bununla yanaşı yerli hüquq müdafiəçiləıri ölkədə 100-dən çox insanı siyasi məhbus elan edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyətdədir. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda ondan çox insanı vicdam məhbusu elan edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?