Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə abidə ucaldılması ideyasını şəhidin tank komandiri olmuş Hacı Əzimov irəli sürüb.
Layihənin icrası Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov tərəfindən akademiyanın müəllimləri Rahib Qarayev və Zamik Rzayevə həvalə edilib. Heykəlin kompozisiyası və eskiz ideyası da Rahib Qarayev və Zamik Rzayevə aiddir. Abidədə əks olunan qayadan çıxmaq təsviri Dağlıq Qarabağın simvoludur. Texniki cəhətdən tankı göstərmək mümkün olmadığına görə, qayadan istifadə edilərək fraqment verilib. Abidənin hazırlanması ilə bağlı təkliflər bir il müddətində davam edib. Ömər Eldarov hazırlanan 4 eskizdən birini seçib. Bu ilin aprel ayından isə abidənin hazırlanmasının icrasına başlanılıb. Heykəlin hazırlanması üçün 40 min manat pul ayrılıb və bu məbləğ materialların alınmasına xərclənib. Müəlliflər isə zəhmət haqqı almadan təmənnasız işləyiblər. Abidəni hazırlayanlardan Zamik Rzayev 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1996-cı ildə Bakıda 51 saylı orta məktəbdə təhsil almağa başlayıb, 2005-ci ildə 9 illik təhsilini tamamlayıb. 2006-cı ildə isə Əzim Əzimzadə adına Rəssamlıq kollecinin heykəltəraşlıq fakültəsinə qəbul olub. 2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ali təhsil almağa başlayıb. 2015-ci ildə isə magistr təhsilinə başlayıb. Z.Rzayev 2017-ci ildən akademiyanda müəllimi kimi çalışır. Digər müəllif Rahib Qarayev isə 1986-cı il aprelin 8-də Masallı rayonunun Qasımlı kəndində anadan olub. 1993-cü ildə Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbinin 1-ci sinifinə başlayıb. 2004-cü ildə Masallı rayonunun Yeddioymaq kənd T.M.Bayraməlibəyov adına orta məktəbini bitirib. 2000-2008-ci illərdə Masallı rayonun Qasımlı kəndində İlqar Balayevin emalatxanasında heykəltəraşlıq dərsləri alıb. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsinə daxil olub, 2012-ci ildə bakalavr pilləsini bitirib elə həmin ildə magistratura pilləsinə daxil olub. 2014-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2015-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. O, 2015-ci ildə "Xocalı", "Tolerant Azərbaycan Gənci" adlı sərgidə iştirak etdib. 2016-cı ildə Aprel döyüşlərində Şəhid olmuş Samir Kaçayevin memorial abidəsinin müəllifidir. 2017-ci ildə Təzəkənd kənd məktəbi üçün Rövşən Nəbiyevin büstünü hazırlayıb. 2019-cu ildə Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbində qoyulan Hakim Həsənovun heykəlinin müəllifidir. Qeyd edək ki, Bakının Nərimanov rayonunda ucaldılan abidənin açılışı oktyabr ayında olacaq.//Report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?