Oktyabrın 19-da baş verənlərə görə dövlətimin və ruhu saf millətimin adına xəcalət çəkdim. Bu bizə yaraşan deyil. Hakimiyyətdə yuva salmış antimilli qruplaşma bu rəzaləti bizlərə yaşada bildilər. Bu daha çox düşmənləri sevindirən və milli dövlət quruculuğuna şüurlu şəkildə arxadan vurulan zərbədir.
Prezident zaman-zaman ciddi islahatlar anonsu verir. Hətta səlahiyyətləri çərçivəsində sərəncamlar verir, ümid alovlandırır, mərkəzi və yerli hakimiyyət orqanlarına göstərişlər verir, onları cəzalandıracağı ilə hədələyir. Hər zaman içimdən gələn səsin diqtəsi və dövlətçi ruhumun çağırışı ilə bu prosesə inanmaq istəmiş, hətta siyasi sistemimizdə ifrat qütbləşmə fonunda özümü zərbə altında qoyaraq özəl yazılarımla sanki axının əleyhinə üzməyə cəhd edirəm. Mən bəzilərindən fərqli olaraq əks qütbün hamısının dəlilərdən, xəstələrdən, yırtıcılardan ibarət olması haqda rəyi bölüşmürəm. Yenə də ümid edirəm. Prezidentin yanında sonuncu iqtisadi müşavirədə dövriyəyə buraxdığı mesajları diqqətlə dünlədim, islahat niyyətinin gerçək olduğuna inanmaq istədim. Zaman-zaman islahatlar anonsunun niyə həyata vəsiqə qazana bilməməsinin səbəblərini, hakimiyyətdə antiislahat zehniyyətli güclü klanın, mafiyanın olduğunun etirafını duydum. Prezident dövlət hakimiyyət orqanlarını cənginə almış antimilli, antiislahat qrupunun kifayət qədər güclü olduğunu etiraf etdi, sanki bizə-millətə, milli qüvvələrə, dövlətçi zehniyyətə müraciət edərək dəstək istədi, tormozlayıcı qüvvənin ünvanını göstərmək istədi. Mən belə anladım, səmimi qəbul etdim, ünvanın həm də mənim kimi azad, obyektiv, konyukturasız kəsimə də aid olduğu qənaətinə gəldim. Müşavirədən əsas qeydlərim və ya gəldiyim qənaət: 1. Prezident islahat aparmaq istəyir, amma ətrafı ona imkan tanımır; 2. Prezident islahat aparmaq formulunu tapmaqda ciddi tərəddüd içərisindədir; 3. Təyin etdiyi gənc islahatçı kadrların ciddi sobatajla üz-üzə olduğunu bəyan etdi; 4. Prezident dərk edir ki, öz komandası ixtiyari xəyanətə hazırdır; 5. Prezident onu da anlayır ki, islahatçı milli qüvvələrlə ətrafının təqdim etdiyi anti müxalif, Elçibəy iqtidarının əleyhinə yönəlmiş tezisləri ilə etimad körpülərini yandmaqdadır və yeni etimadlı qüvvə axtarışındadır; 6. Milli qüvvələrə müraciət etmək və dialoqlara başlamaq üçün təkəbbür və inamsızlıq içərisindədir; 7. Prezident bu müşavirədə tərəfsiz, azad qüvvələrin nəbzini yoxlayır. Onun bəlkə də islahat istiqamətində son şanslarından birinin də iflası olarsa onu və Azərbaycanı da daha pis ssenariyə girov edən komandanın girovluğunda qalaraq xalqın əleyhinə ölüm-dirim savaşına girişməlidir. Sadəcə bir sual həmişə aktual olaraq qalmaqdadır. Prezident niyə çoxpartiyalı, hüquq və səlahiyyətləri Konstitusiya səviyyəsində qorunan müxalif siyasi qüvvələrlə uzaq məsafə saxlayır və ya onlardan daha da uzaqlaşmaq meylindədir? Siyasi qütbləşmənin qorxulu fəsadlar verəcəyindən ehtiyat etməlidirlər. Bütün dağıdıcı inqilabların qatı qütbləşmənin nəticəsi olduğunu unudulmamalıdır. Müşahidəm həm də onu deməyə əsas verir ki, Prezident rusofif qruplaşmasının mühasirəsindədir və onlar onu Rusiyanın imperiya maşınının altına atılmasını istəyirlər. Buradan isə son qənaətim formalaşıb - Prezident Rusiyanın ayağı altına getməsini özünün məhvi sanır və bu kritik durumdan çıxış aramaqdadır. Son Valday forumunda Rusiyanın simpatiyasını qazanmaq üçün etdiyi uğursuz çıxış da milli maraqlarımıza nə dərəcədə uyğun deyildisə, o dərəcədə də öz siyasi perspektivini sual altına salan bir davranış idi. Məni Prezidentin şəxsiyyətindən daha çox onun səlahiyyətləri, bu səlahiyyətlərin milli maraqlarımızın nəfinə istiqamətləndirilməsi, mafiyanın ölkəmizi uçuruma aparmasının qarşısının alınması, demokratik islahatlar üçün siyasi, ictimai uzlaşma imkanlarının aranması, dövlətçiliyimizin itkisiz növbəti mərhələyə keçidinə yardımçı olmaq maraqlandırır. Son müşavirədə Prezidentin çağırışına səmimi olaraq qarşılıq verməkdə özümdə cəsarət tapdım. Bəlkə də son sansım, cəhdim olacaq. Amma çalışacam. Bu dövləti xırda maraqlar girdabında düşmənlərə qurban verməməliyik. Fikrimcə, Prezidentin islahat anonslarının həyata vəsiqə qazanmasını əngəlləyən siyasi mərkəz Kreml və onlarla eyni amalları bölüşən qüvvələrdir. Prezident təkidlə islahatçı olduğu haqda bəyanat verdikcə ciddi təlatümlər bu bəyanatları parallel olaraq təqib etməkdə, onun siyasi meydana girməsini əngəlləməkdədir. Prezident gözəl anlayır ki, Prezident aparatında, hökumətdə, parlamentdə 5 –ci kalonun iri çaplı artilleriyası lövbər salıb. Bu vaxta qədər Prezidentin özünün də etiraf etdiyi kimi yaratdığı ASAN xidmət komandası, bəzi nazirliklər, komitələrdə islahata meylli gənc kadrlar islahatçı komandanın nüvəsi olsa da mühafizəkar Kreml sevdalı mahiyanın yenmək gücündə deyildir. İslahatı Prezident də daxil hamımız ən doğru çıxış yolu hesab edirik. Tək və alternativsiz islahat yolunu sağlam milli qüvvələr, sağlam aydınlar və millətin siyasi fəal kəsiminin dialoqu, vəhdəti, anlaşması, uzlaşmasında görürəm. İndiki dönəmdə fundamental islahatların ən ideal variantını Prezidentin özünün islahatçı lider olaraq təşəbbüsü səmimi şəkildə öz əlinə almasında görürəm. Bunun alternativi qarşıdurmalar, inqilab təhlükələridir. Son hadisələr dövlətçiliyimiz üçün arxadan vurulan zərbə idi. Aşırı güc tətbiqi problem həll etmir, əksinə sağlam olmayan güclərə fürsət verir. 19 oktyabrda baş verənlər 2003-cü ildə Prezident seçkiləri sonu Azadlıq meydanındakı vəhşiliklərə çox oxşayırdı. Sonralar bəlli oldu ki, 2003-də baş verən həmin zorakılıqlar Kremlin ssenarisi idi. Bu gün baş verənlər də ona oxşayır. Məncə biz hədəfi düz tutmalıyıq. Bu hakimiyyətin içərisində kök salmış, Moskvanın sərəncamında olan mafiyadır. Onun böyüyünün qulağını burmaq əsas hədəf olmalıdır. Mən bu başdan Prezidentin islahat çağırışlarını səmimi qəbul etdim və bunu belə qəbul edənlərin təmərküzləşməsini arzulayıram. Bu qərarım haqlı olaraq 19 oktyabr zülmünü görmüş emosional beyinlər tərəfindən qınana bilər, üzərimə aqressiv formada gələ bilərlər. Bu zərbələri qəbul etməyə hazıram. Ona arxayınam ki, söykəndiyim ən böyük dayaq həqiqətdir! Həm də, hesab edirəm ki, millətimizin saf ruhlu, saf niyyətli, obyektiv, dövlətçi aydınlarımız da kifayət qədərdir. İlk çağrım cənab Prezidentədir. Cənab Prezident, millətimizin, dövlətimizin nəfi naminə məni qəbul edin. Siyasi qütbləşmənin durdurulması və qütblərarası buzların əriməsində bu görüşün əhəmiyyətli olacağına inanıram və sizin də inanmağınızı arzulayıram.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?