Mağazalarda “İvanovka”, “Slavyanka”, “Şamaxı” və “Qəbələ” adı altında müxtəlif qatqılı ağartı məhsulları satılır; onların tərkibində insan həyatına təhlükə yaradan konservantların olduğu deyilir... El arasında bir söz var: nəyinsə şorunu-şitini çıxarmaq. Yaxud hansısa malın çox ucuz olduğunu izah etmək istəyəndə deyirik ki, filan məhsul şor qiymətinədir. Amma indi bazarlarda heç şor da şor qiymətinə deyil - baxmayaraq ki, Azərbaycan insanı həmişə kənd pendiri, kənd şoru, kənd qatığı axtarışındadır. İllah da son vaxtlarda təbii nemətləri “əldə çıraq gəzirik”.
Çünki bazarları kimyəvi tərkibi olan, müxtəlif qatqılı məhsullar cənginə alıb. Əhaliyə təbii ağartı adı ilə satılan kəsmik, şor, pendir, qaymaq və s. məhsulların tərkibində nələr olub-olmadığı məlum deyil. Hazırda hər birimiz marketlərdə “İvanovka şoru”, “Şamaxı şoru”, “Slavyanka şoru”, “Qəbələ şoru” markası ilə satılan məhsullara rast gəlirik. Bu adlarda qaymaq və s. ağartı məhsulları da var.
Ancaq bu günlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Binəqədi rayonunda fəaliyyət göstərən fiziki şəxs Muradov Elxan Mürşüd oğluna məxsus süd məhsulları istehsalı sexində aparılan yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib. Belə ki, məhsulun markalanmasında “İvanovka” coğrafi adından istifadə etməklə istehlakçıların aldadılması və hüquqlarının pozulması faktı üzə çıxıb. Bu da azmış kimi, sexdə sanitar-gigiyena və texniki normativ aktların tələblərinə əməl edilmədiyi, mənşəyi məlum olmayan xammallardan istifadə edilməklə süd məhsullarının istehsalının həyata keçirildiyi aşkarlanıb. Emal prosesində qəbul edilən xammal və yarımfabrikatların təhlükəsizlik və keyfiyyət göstəricilərinin yoxlanılmadığı müəyyən olunub. Eyni zamanda, xammal və yarımfabrikatların mənşəyi ilə bağlı heyvandarlıq təsərrüfatının sağlamlığı haqqında müvafiq sənədlərin olmadığı da aşkarlanıb. Müəssisədə sanitar gigiyenik tələblərə riayət olunmadığı və məhsulda kif göbələklərinin inkişafının qarşısının alınması, həmçinin saxlanma müddətinin artırılması məqsədilə istehsal prosesi zamanı texniki normativ aktların tələblərinə zidd olaraq, insanın həyat və sağlamlığına təhlükə yarada biləcək E 235 “Pimarisin-Natamisin” (Pimalak) konservantından gözəyarı şəkildə istifadə olunduğu aşkar edilib.
Bir sözlə, Binəqədidə hansısa zirzəmidə millətə “İvanovka şoru” adı ilə insan sağlamlığına təhlükə yaradan məhsullar hazırlanır. Mağazalarda isə bu cür qidalar “n” qədərdir. Onların qiymətləri də fərqlidir: bəziləri 1 manat 87 qəpiyə, bəziləri 1 manat 90 qəpiyə satılır. Halbuki rayonlarda təmiz şorun 1 kilosu 1 manatdır. O halda İvanovka, Şamaxı adı ilə satılan bu şorlara hansı maddələr qatılır ki, həm qiyməti fərqli olur, həm də əlavə qatqıya ehtiyac duyulur?
Ümumiyyətlə, sovet vaxtından insanların beyninə oturmuş bir düşüncə var ki, “İvanovka” mal nişanı altında satılan məhsullar keyfiyyətlidir. Halbuki bu məhsullar quru süddən hazırlanır. Ən pis cəhəti isə odur ki, onun tərkibində bəzən baytarlıq dərmanlarının qalıqları olur. Bunu ekspert Eyyub Hüseynov açıqlamışdı. Yerli və xarici süd məhsulları var ki, həftələrlə günün qabağında saxlayırsan, lakin xarab olmur. Bu, o deməkdir ki, onlar tamam kimyalaşmış məhsullardır. Dadı, qoxusu isə normaldır. 4 ay, 5 ay yararlılıq müddəti olan süd məhsulları var ki, onlar hamısı kimyalaşıb.
Dəfələrlə marketdən alınan “İvanovka”nın kiflənmiş olması üzə çıxıb, yaxud içindən qurd tapılıb. Təbii ki, bu cür malları təkcə Binəqədidə aşkarlanan sexdə hazırlamırlar. Şübhə doğurmur ki, belə mallar Bakının ayrı-ayrı zirzəmilərində düzəldilərək mağazalara daşınır.
Görünür ki, ölkədə həm də “şor mafiyası” var və bu şəbəkənin üzvü olan işbazlar əhaliyə bu cür təhlükəli, antisanitariya şəraitində hazırlanan məhsullar yedirirlər.
İvanovkadakı Nikitin adına balaca bir kolxoz hər gün min tonlarla ağartı məhsullarını necə istehsal edə bilir ki, Bakı və digər şəhərlərdə, hətta rayonlarda belə, bütün ticarət obyektlərinə çatdırsın?
Əslində İvanovka kəndinin Bakıda 2 mağazası var. Buna baxmayaraq, “İvanovka” adı altında Bakıda 12-yə qədər mağaza fəaliyyət göstərir ki, onların da satdığı məhsulların bu kəndlə heç bir əlaqəsi yoxdur. “İvanovka” adı altında şərablar buraxılır. Cürbəcür məhsul da istehsal olunur. Ümumiyyətlə, Azərbaycan “İvan” məsələsindən xilas olmalıdır. Ölkə prezidenti çağırışlarında qeyd edib ki, “Made in Azerbaycan” brendi dünyada tanınmalıdır.
Bundan başqa, bir müddət əvvəl Rusiyada tərkibinə nişasta, tabaşir, sabun, soda, əhəng, bor turşusu, salisil turşusu, hətta gips belə qatılan ağartı məhsulları aşkarlanmışdı.
Azərbaycan Rusiya ilə yanaşı, Belarus, Ukrayna, Türkiyə və bir neçə Avropa ölkələrindən süd və süd məhsulları alır. Hazırda satışda 6 ay yararlılıq müddəti olan süd məhsulları var. Məsələn, İrandan gətirilən xamaların yararlılıq müddəti 6 aydır. Xamalar dadı ilə, qoxusu ilə tam yaxşı xamanı mutasiya edir. Bu məhsulun tərkibi yoxlanılmayıb, yararlılıq müddətini uzatmaq üçün hansı qatqılardan istifadə edildiyi araşdırılmayıb. İstehlakçılar bilməlidirlər ki, məhsulun ömrünü nə uzadırsa, həmin şey insanın ömrünü qısaldır.
Məsələ ilə bağlı ekspert E.Hüseynov onu da demişdi ki, uzun müddətdir bir sıra gizli sexlərdə quru süddən, mənşəyi məlum olmayan südlərdən “İvanovka” mal nişanı adı altında ağartı məhsulları istehsal olunur. “Uzun Ömür İvanovka” və “Qafqaz İvanovka” MMC də Bakı ətrafında antisanitar şəraitdə mal istehsal edirlər. Həm “Uzun Ömür İvanovka”, həm də “Qafqaz İvanovka”nın sahibkarları ilə görüşmüşəm. Bu pis əməllərindən əl çəkmələri barədə ağsaqqal söhbəti aparmışam. Lakin onlar buna məhəl qoymayıb" - deyə ekspert bildirmişdi.
Ona görə də bu məhsulları alarkən diqqətli olmaq lazımdır. Ən əsası İvanovka adı ilə istehsal olunan malların hansının təmiz olduğu ictimaiyyət üçün aydınlaşdırılmalıdır. Əks halda Elxan Muradov kimi adamlar Binəqədidə sexlərdə əhali orqanizmə ziyanlı olan maddələrdən hazırlanmış şor satmağa davam edəcəklər...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?