Artıq Bakının avtomobil yollarında velosipedlərin hərəkətini təmin etmək üçün velosiped zolaqları ayrılır.
Bəs avtomobil sürücülərinə mane törədən skuter, moped, seqvey kimi nəqliyyat vasitələri də bu zolaqla hərəkət edə bilərmi?
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Yeni Sabah”a bu barədə danışıb.
O qeyd edib ki, hazırda səkilər və yollar zəbt olunduğu üçün velosiped zolağının belə hazırkı vəziyyəti dəyişə biləcəyinə inanmır:
“Adından da bəlli olduğu kimi velosiped zolaqlarında digər nəqliyyat növlərinin hərəkəti nəzərdə tutulmur. Avtomobil zolaqlarında isə motosikletlər, eləcə də asma mühərrikli velosipedlərdə hərəkət edə bilər, təxminən onların da təyinatı eynidir.
Ancaq skuter və ya seqvey idarə edənlər velosiped yollarından istifadə edə bilərlər. Son vaxtlar cavanlar şəhərə bu nəqliyyat vasitələri ilə çıxırlar, qulaqlarında da qulaqcıq. Onlar bütün ətraf mühitdən özlərini təcrid edirlər. Onlara zolaq lazım deyil, özlərini sağa-sola, maşınların altına ata-ata gedirlər. Yəqin düşünürlər ki, hamı onlara yol verməlidir. Nəzərə almaq lazımdır ki, hər təkərli nəqliyyat növü üçün ayrıca zolaq ayırmaq mümkün deyil. Odur ki, bu nəqliyyat vasitələrini idarə edənlər də qəzalara səbəb olmamaq üçün velosiped zolaqlarına üz tuta bilərlər".
Ekspert velosiped zolaqlarının belə şəhərdəki vəziyyəti dəyişə biləcəyinə inanmadığını qeyd edib:
"Düzü bu velosiped zolaqlarının nə dərəcədə uğurlu olacağını indidən demək çətindir. Bizim yol şəbəkəmiz o qədər inkişaf etmiyib ki, hər hansı bir velosipedçi bir nöqtədən digər nöqtəyə fasiləsiz, rahat və maneə olmadan hərəkət etsin. Səkilərimiz, yollarımız çox amansızca zəbt olunub. Dönərxanalar, obyektlər, müxtəlif iaşə obyektləri həm piyadaların yolunu kəsib, həm də bu velosiped yollarının tam axıra kimi davam etməsinə mane olub. Ona görə bir daha müayinə aparmaq lazımdır".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?