Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ağstafa rayon təşkilatının fəalı Arzuman Qurbanov saxlanılıb. Bu barədə AXCP-nin məlumatında deyilir.
Qurbanov noyabrın 8-də "Sınıq Körpü" (Bakıdan 530 km qərbdə, Gürcüstanla sərhəddə) sərhəd məntəqəsində saxlanılıb və əvvəlcə Qazax rayon polis şöbəsinə aparılıb. Oradan onu DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə aparıblar.
"Çox güman ki, ona qarşı saxta cinayət işi açılacaq, bir müddət əvvəl AXCP-nin Nizami rayon təşkilatının sədri Paşa Ümidova qarşı olduğu kimi. Hamı rejimdən siyasi məhbusların azad edilməsini tələb etdiyi halda, Azərbaycanda onların sayı artır", deyə öz növbəsində AXCP lideri Əli Kərimli öz facebook səhifəsində yazıb.
AXCP-dən qeyd ediblər ki, Qurbanov da Ümidov kimi keçmiş polis əməkdaşıdır.
"Görünür, hakimiyyət polis əməkdaşlarının AXCP üzvü olmasını qəbul edə bilmir. Məhz bu səbəbdən də onları cəzalandırır", deyə partiyadan bildiriblər.
Rəsmi orqanlar hələlik Qurbanovun saxlanılması ilə bağlı heç bir şərh verməyiblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?