Gələn ilin dövlət büdcəsində hüquq-mühafizə orqanlarının saxlanmasına ayrılan xərc 43,7 faiz artırılır.
İqtisadçı alim Qubad İbadoğlu hesablayıb ki, bu məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləridir.
Bu artımla təqribən 2 milyard manata çıxan həmin vəsait hansı məqsədlərə yönələcək?
İqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, büdcə sənədlərində bu, aydın göstərilməyib.
Vəkil Elçin Sadıqov deyir ki, hər il artımlardan sonra görünən odur ki, bu orqanların istifadəsindən olan maddi-texniki baza güclənir:
“Artımlar adətən polisin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəlib. Yeni zirehli texnikanın, müəyyən izləmə qurğularının, müəyyən kəşfiyyat aparatlarının, dəbilqələrin alınmasına yönəldilir. Həmin artımı polislər öz həyatlarında hiss eləmirlər”.
Elçin Sadıqov deyir ki, hakimlərin maaşı da 1500-2000 manat arasındadır, onların işləri çoxdur, görülən işin müqabilində bu, az maaşdır.
Onun sözlərinə görə, məhkəmələrdə durum elədir ki, hətta hakimlər dəftərxana xərclərini özləri ödəyirlər, yəni polisdən fərqli olaraq məhkəmə sistemində maddi-texniki baza zəifdir.
Hüquqşünas Nemət Kərimli deyir ki, o, bu artımla hüquq-mühafizə orqanlarının işinin keyfiyyətinin artacağına inanmır.
O bildirir ki, hakim partiya öz hakimiyyətini və avtoritarizmi gücləndirmək üçün hüquq-mühafizə sistemindən daha çox istifadə edəcək.
Deputat bilmirsə xalq hardan bilsin?
Deputat Fazil Mustafa deyir ki, hökumətdən daxil olan məlumata görə, artım həm də qarşıdan gələn seçki ilə bağlıdır:
“Hüquq-mühafizə orqanlarının xərclərini müəyyən eləmək bizim üçün də çətindir. Hansı istiqamətdə yönəldiləcəyini demək mənə də çətindir. Bildiyiniz kimi məhkəmə-hüquq islahatları keçirilməlidir. Söhbət yeni - kommersiya məhkəmələrinin artırılmasından gedir. Bir də gələn il parlament seçkisi ilidir. Seçki vaxtı hüquq -mühafizə orqanlarının fəaliyyətinin genişləndirilməsi gözlənilir. Verilən izahat daha çox bununla bağlıdır”.
İqtisadçı Qubad İbadoğlu bildirir ki, hüquq-mühafizə orqanlarının xərclərinin kəskin artması sual yaradır. Belə ki, bu xərclər bütün ölkənin orta təhsil xərclərindən 270 milyon manata qədər çoxdur. “Özünüz nəticə çıxarın, bu hakimiyyət üçün prioritet hansıdır?” - deyə, iqtisadçı sual edir.
Deputat Fazil Mustafa deyir ki, ola bilər ki, polisin, hakimlərin əmək haqqı gələn il artar.
Şəffaflıq olmayınca...
Hüquqşünas Nemət Kərimli deyir ki, hətta hüquq-mühafizə orqanlarında əmək haqqı artsa belə, bu, şəffaflığı artırmayacaq, onun sözlərinə görə, şəffaflıq üçün ölkədə ümumiyyətlə bu sistemdə köklü islahatlara gərək var. Onun sözlərinə görə, bununla belə artımın təsirini vətəndaş bəzi məqamlara müşahidə edə bilər:
“Əgər maddi-texniki baza yaxşılaşarsa, bəlkə hansısa cinayətlərin üstünün açılması tezləşər. Ola bilər cəmiyyətin maariflənməsinə müəyyən qədər təsir göstərər. Amma bu vəsait hesabına əmək haqqı artırılsa, bu, rüşvətin qarşısını ala bilməyəcək”.
Vəkil Elçin Sadıqov isə deyir ki, məhkəmələrdə rüşvət getdikcə artır.
Onun sözlərinə görə, xüsusilə iqtisadi cinayətkarlıqla bağlı qanunsuz ödəmələr, ədalətsiz qərarlar çoxdur.
Hakimiyyət rəsmiləri bütün sahələrdə rüşvət və korrupsiya ilə mübarizə apardıqlarını deyirlər. Tənqidçilər isə deyir ki, bu mübarizə hələ ki, sözdədir.//amerikaninsesi.org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?