Müsavat Partiyasının aksiyası ilə bağlı saxlanılan partiya fəallarının hamısı noyabrın 12-də axşam saatlarında sərbəst buraxılıb. Yalnız partiya başqanının müavini Razim Əmiraslanlı 15 sutka inzibati həbsə məhkum edilib.
Bu barədə Müsavat Partiyasının mətbuat departamentinin rəhbəri Mustafa Hacılı Amerikanın Səsinə deyib.
Onun sözlərinə görə, aksiya öncəsi və aksiya zamanı Bakıda və regionlarda ümumilikdə yüz əllidən çox partiya fəalı saxlanılıb.
Vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib ki, Razim Əmiraslanlı barədə həbsindən üç gün sonra, noyabrın 13-də məlumat öyrənə bilib.
“Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı noyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsinin qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə 15 sutka inzibati həbsə məhkum edilib,” Kərimli deyib.
Rəsmi qurumlar Müsavat Partiyasının fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.
Müsavat Partiyasının fəalları noyabrın 12-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış piket keçirməyə cəhd edib.
Partiyanın məlumatına görə, piket ərəfəsində, səhər saatlarında və cəhd zamanı partiyanın lideri Arif Hacılı da daxil olmaqla onlarla fəal polis tərəfindən saxlanılıb.
Müsavat Partiyasının rəsmiləri bildirib ki, aksiyadan öncəki günlərdə isə yüzdən çox partiya fəalı polis idarə və şöbələrinə dəvət edilərək xəbərdarlıq edilib.
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqin şəhərin hüdudları daxilində keçirilməsinə razılıq verməkdən imtina edib və aksiyanı Bakıdan 20 kilometr aralıda yerləşən Lökbatan qəsəbəsində keçirməyi təklif edib.
Partiya mitinqi ləğv edib və noyabrın 12-də şəhər administrasiyasının binası qarşısında sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə piket keçirəcəyini bildirib. Amma icra hakimiyyəti bu piketə razılıq verməkdən imtina edib. Buna baxmayaraq, Müsavat Partiyasının fəalları aksiya keçirməyə cəhd edib.//amerikaninsesi.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?