“İran İslam Respublikasında” iqtisadi böhranı əsas tutaraq benzinin qiymətini 3 dəfə artıran rəsmilər xalqın qəzəbinə tuş gəlib.
Bu bahalaşma Təbriz və bir sıra şəhərlərdə Güney Azərbaycan soydaşlarımızın kütləvi etiraz dalğasının yaranmasına səbəb olub. Bu cür etirazlar getdikcə artır və geniş vüsət almaqda davam edir. Etiraz edən xalq meydanlara axışır. Respublikada sosial vəziyyətlə əlaqədar vüsət alan etiraz aksiyaları az qala bütün bölgələri əhatə edərək artıq milli hərəkata çevrilməkdədir. İran dövlətini narahat edən məsələ isə Azərbaycanın Güney tərəfidir. Meydanlara axışan və haqlı tələblərini irəli sürən Güneyli soydaşlarımıza İran dövləti digər bölgələrdən fərqli olaraq daha sərt və amansız addımlar atır. Etirazçıları güllə baran edir. Etiraz aksiyalarında iştirak edən insanlarımız arasında çox sayda ölən və yaralananlar vardır. Bağlı qapılar arxasında qırğınlar səngimək bilmir. Qətlə yetirilən dinc etirazçıların sayı 251 nəfərə çatıb. 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. “İran İslam Respublikası” ölkədə internetə qadağa qoyduğundan ölkə daxilində baş verən hadisələrdən xəbər tutmaq olduqca çətinləşir.
Mövcud molla rejimi gündən-günə yüksələn gərginliyi gizli saxlamağa çalışsa da, beynəlxalq müşahidəçilərin fikrincə, qonşu ölkəni son 40 ilin ən güclü etiraz hərəkatı bürümüşdür. Təəssüf hissi ilə bildiririk ki, Azərbaycan Respublikası hələ də bu məsələyə rəsmi şəkildə öz münasibətini bildirməyib. Efir məkanlarımız isə “İran İslam Respublikasında” baş verən hadisələr barədə demək olar ki, heç bir məlumat vermir, əksinə zülmə məruz qalan soydaşlarımıza münasibətdə ümumi konteksdən yanaşaraq susmağa üstünlük verir. Analitik və ekspertlər isə daha çox "İran İslam Respublikasının" mövqeyindən çıxış edərək Azərbaycan Güneyinin problemləri üzərindən bilərəkdən yan keçirlər. Halbu ki, söhbət 40 milyona yaxın soydaşlarımızın hüquqlarından gedir. Bütün bunları əsas tutaraq Güneyli Soydaşlarımızın haqq-hüquqlarının bərpası və müdafiəsi məqsədilə Azərbaycan Bozqurdlar İttifaqı soydaşlarımızın yanında olduğunu bəyan edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?