Oqtay Gülalıyevin durumu ağır olaraq qalır. Birinci dərəcəli ağır komadadır. Səhhətində hələ heç bir irəliləyiş yoxdur. Həkimlər artıq onu palataya köçürüblər.
Gundemxeber.Az xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin həyat yoldaşı Füruzə Gülalıyeva Amerikanın Səsinə bildirib.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-da Bakıda avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.
Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub.
Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.
Bundan sonra komada olan Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbulda Avrasiya Xəstəxanasına yerləşdirilib.
Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev Avrasiya xəstəxanasının həkimlərinin son rəyinə istinadən bildirib ki, atasının komadan ayılması 6 aydan 1 ilədək çəkə bilər.
“Həkimlərin bildirdiyinə görə, atanın beyın hüceyrələrindən üçü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq,” Təbriz Gülalıyev qeyd edib.
Noyabrın 19-da hüquq müdafiəçisi İstanbulda yerləşən "Amerika xəstəxanası"na (Amerikan Hastanesi) köçürülüb.
Noyabrın 22-də onun beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb. Bundan sonra da səhhətində irəliləyiş qeydə alınmayıb.
Füruzə Gülalıyevanın sözlərinə görə, Amerika Xəstəxanasının həkimləri də Oqtay Gülalıyevin səhhəti ilə bağlı hələ bir proqnoz vermir.
“Deyirlər ki, Azərbaycanda cərrahi əməliyyat son durumda edilib. Başında zədələr var. Həkimlərin özü də nə olacağını bilmir.”
O, Heydər Əliyev Fondunun Amerika Xəstəxanasında xərcləri yalnız 20 gün ödəyəcəyini bildirib.
“Oqtay Avrasiya Xəstəxanasından Amerika Xəsətxanasına köçürüləndə Heydər Əliyev Fondunun nümayəndəsi bu xəstəxanada xərcləri yalnız 20 gün qarşılanacağı barədə bizdən yazılı xəbərdarlıq götürdü. Onlar 20 gündən sonra Oqtayı Azərbaycana qaytaracaqlarını bildiriblər İndi 11 günümüz qalıb,” o qeyd edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?