Cümşüd müəllim Az.TV-dəki çıxışı zamanı müharibənin ilk illərində yaradılmış qadın batalyonunu aşağıladı, «əxlaqsızlar batalyonu» adlandırdı. Çox kişilər qaçıb gizlənəndə həmin qadınlar gecə-gündüz, qışın şaxtasında, yayın tülyanında səngər-səngər gəzir, əsgərlərimizə mənəvi güc verir, onların anası-bacısı olurdular, ərzaq, pal-paltar daşıyırdılar. Yeməklərini bişirirdilər, pal-paltarlarını yuyurdular.
Onlarla qadın əllərinə silah götürüb düşmənlə vuruşurdu, şəhid olurdu. Qaratel xanım kimi Milli Qəhrəman adına layiq görülürdü. Salatın Əsgərova kimi güllə qabağına gedirdi. Qarabağın Həcəri kimi atəşkəsə qədər əsgər paltarını əynindən çıxarmırdı.
Tibb bacıları birbaşa döyüş meydanında özlərini ölümə atıb yaralılara yardım edir, onları döyüş meydanından çıxarır, hətta lampa işığında əməliyyat aparır, yüzlərlə yaralını ölümdən xilas edirdilər.
Rada Abbasova Bakıda Eksperimental xəstəxanasındakı gül kimi işini buraxıb gedib Ağdamda tibb bacısı kimi döyüşürdü.
Nə qədər desəniz belə misal çəkə bilərəm.
İsti ev-eşiklərini, balalarını qoyub səngərlərə gedən xanımları «qadın batalyonu» adlandırıb təhqir edərək aşağılamaq ayıbdan da ayıb bir şeydir, adı yoxdur.
Təəssüf edirəm. Azərbaycan qadınları döyüşdə heç vaxt ərlərini, oğullarını tək qoymayıblar. Sabah, ya birigün döyüşlər onsuz da yenidən başlayacaq və yenə də Azərbaycan xanımları səngərdə ərləri ilə, qardaşları ilə, oğulları ilə çiyin-çiyinə düşmənlə vuruşacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?