Aksiya Beynəlxalq İnsan Haqları Günü Prezident Administrasiyasının qarşısında təşkil ediləcək.
Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı mərhum Emin Hüseynovun ailəsi Prezident Administrasiyasının qarşısında piket keçirmək niyyətindədir. Bu barədə mərhumun atası Bəybala Hüseynovun nümayəndəsi hüquq müdafiəçisi Elçin Məmməd “Yukselis.info”-ya məlumat verib. Onun sözlərinə görə, etiraz aksiyasının məqsədi Prezident İlham Əliyevin diqqətini ölüm faktının ədalətli araşdırılmasına və baş vermiş cinayət hadisəsinin iştirakçılarının cəzalandırılmasına yönəltməkdir. “Bu günə qədər hüquq-mühafizə orqanlarında, məhkəmələrdə təqdim etdiyimiz faktlar üzrə araşdırma aparılmayıb və Azərbaycan tərəfi cinayət işinin istintaqı ilə bağlı Türkiyə tərəfinin müraciətlərinə sadəcə cavablar verilməklə kifayətlənib. Dövlət başçısı dəfələrlə qeyd edib ki, vətəndaşlar öz qarşılaşdıqları problemlərini birbaşa onun özünə çatdırsınlar. Bu günə qədər mediada və sosial şəbəkələrdə silsilə yazılarımız, qarşılaşdığımız problemləri ictimailəşdirməyimiz belə düşdüyümüz durum barədə ölkə başçısına düzgün və səhih məlumatların verilmədiyi qənaətini bizdə yaradır. Ona görə də, mərhumun ailəsinin etiraz aksiyası keçirmək təşəbbüsü düzgün addımdır və diqqəti baş vermiş cinayətə yönəldəcəyinə inanıram.” – deyə hüquq müdafiəçisi bildirib.
Elçin Məmməd qeyd edib ki, piket Beynəlxalq İnsan Haqları Günü – 10 dekabrda medianın da iştirakı ilə keçiriləcək və artıq bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib. Xatırladaq ki, Baş Prokrorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin mərhum əməkdaşı Emin Hüseynov 2017-ci il avqust ayının 18-də Türkiyənin Antalya şəhərində istirahətdə olarkən qəfil halı pisləşib və xəstəxanada vəfat edib. Ekspertiza rəyləri və qan analizləri Emin Hüseynovun kənardan verilən zəhərli maddə qəbul etməsi nəticəsində dünyasını dəyişdiyini müəyyən edib. Mərhumun ailəsi hesab edir ki, onun öldürülməsi işə qəbul zamanı baş vermiş qanunsuzluğu, korrupsiya faktını ört-basdır etmək məqsədi daşıyıb və Emin Hüseynovun qətlinin sifarişini Baş Prokurorluqdan veriblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?