Almaniyada azərbaycanlı mühacirlər tərəfindən yaradılan DAS təşkilatının koordinatoru Rafiq Təmrazov son dövrlər mühacirlərin Azərbaycana deport edilməsiylə bağlı və mühacirlərə qarşı edilən repressiyalarla bağlı öz fikirlərini paylaşaraq bildirib:
-Əvvəla mühacirət və miqrasiya məsələsi həmişə çox ağrılı olub və özüylə bir çox problemlər gətirib. Lakin, bütün hallarda insanlar heç vaxt öz yurdlarını xoşluqla tərk edərək mühacirətə getmirlər və yad məmləkətdə ikinci dərəcəli insan olmaq istəmirlər. Buna görə də miqrasiyanın bir çox iqtisadi, sosial, siyasi və s. səbəbləri ola bilər. Son illər Azərbaycanlıların müxtəlif ölkələrə, xüsusilə Avropa ölkələrinə miqrasiya etməsi, siyasi, xəstəlik, başqa ölkənin vətəndaşı və s. səbəblərlə həmin ölkələrdən sığınacaq istəməsi əslində Azərbaycan hakimiyyətinin yaratdığı mühitin təzahürüdür. Çünki, səbəb nə olursa olsun insanlar öz ölkələrini tərk etmək məcburiyyətində qalırlar ki, daha yaxşı şərtlərdə yaşasınlar və övladlarının gələcəklərini təmin etsinlər. R.Təmrazov mühacirətə gedənlərə qarşı Azərbaycan hakimiyyətinin qərəzli mövqe tutmasından, onların yaxınlarına və ailə üzvlərinə qarşı təpkilərin baş verməsini bildirir: “Xaricə gedən soydaşlarımızın siyasi olaraq təşkilatlanması və sosial şəbəkələr üzərindən hakimiyyəti tənqid etməsi hökumət tərəfindən xoş qarşılanmır. Siyasi hakimiyyət müxtəlif metodlarla onları susdurmaq və beynəlxalq ictimaiyyət qarşısında tənqidləri azaltmaq istəyir. Lakin, bunu ölkədə vətəndaş cəmiyyətinə, demokratik prinsiplərə, söz azadlığına şərait yaratmaqla deyil, onlara qarşı repressiyalar həyata keçirməklə edir. Bu isə “təsir əks təsirə bərabərdir” məşhur qanunu formasında özünü göstərir və hakimiyyətə yönəlik tənqidlər artıq sərhədləri aşır və söyüş şəklində davam edir. Avropada siyasi aksiyalar keçirən təşkilatımızın üzvlərinə qarşı da analoji addımlar atılmaqdadır. Son günlərdə Mirməhəmməd Hüseynovun atasının polisə aparılması, ondan əvvəl Səbuhi İsmayılovun anasının məktəbin direktor müavini kimi birbaşa işdən çıxarılması və digərlərini misal göstərmək olar. Başqasına görə kiminsə cəzalanması isə kobud şəkildə insan hüquqlarının pozulmasıdır”. DAS təşkilatının koordinatoru sosial şəbəkələr üzərindən bildirib ki, deportasiya edilən və siyasi aktivlik etmiş Azərbaycanlılara da təzyiqlər göstərilir və onlar təhdit olunur, həbs edilir və işgəncələrə məruz qalır: “Sığınacaq ala bilməyən soydaşlarımız öz ölkələrində perspektiv görmədiklərindən xoşluqla vətənə dönmək istəmirlər və əksəriyyət hallarda onlar sığınacaq istədikləri ölkələrin hüquq-mühafizə orqanları tərəfindən deportasiya edilirlər. Bu zaman onlara Təhlükəsizlik Xidmətlərinin əməkdaşları və ya hüquq-mühafizə orqanlarının vasitəsilə təzyiqlər göstərilir. Yəqin ki, Hollandiyadan deport edilmiş Natiq İsbatovun həbs edilməsi və işgəncə alması yadınızdadır. Oktyabr ayında keçirilən piketdən sonra isə İsveçrədən vətənə qayıtmiş Tahir Heydərov (Zəngilan) da inzibati qaydada həbs edildi. Xatırladım ki, hər iki şəxsin sosial şəbəkələrdə siyasi çıxışları var və onlar alma oğurluğu üstündə həbs edilməyiblər. Son günlərdə deport edilmiş Xatirə Əliyeva isə müsahibə verərək bildirmişdi ki, ona qarşı təzyiq olub və onu həyat yoldaşı Azər Əliyevlə ilgili prokurorluqda sorğu suala çəkmişlər və tez-tez əlaqə saxladığımıza görə deyə bilərəm ki, X.Əliyeva hələ də narahatdır ki, onun həyat yoldaşı A.Əliyev deport edilərsə analoji həbs və ya işgəncə baş verə bilər”.
R.Təmrazov sonda bildirib ki, plüralizm və digər demokratik prinsiplər bərqərar olmayınca biz daim siyasi məhbusların artan sayından və hakimiyyətin repressiv addımlarından danışmalı olacağıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?