Bir ay bir həftədir ki, komadan ayılmayan hüquq müdafiəçisi Oqtay Gülalıyev barəsindəki xəbərlər heç də ürəkaçan deyil. Həyatda qalma mücadiləsi aparan hüquq müdafiəçisinin nə zaman komadan ayılacağı bilinmir.
Türkiyədəki “Amerikan” Xəstəxanasında müalicə alan O.Gülalıyevlə bağlı son məlumatı onun həyat yoldaşı Firuzə Gülalıyeva Turan-a verib: “Səhhətində yaxşıya doğru dəyişiklik yoxdur, vəziyyəti ağır olaraq qalır. Oqtayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu. Qaraciyərində problem yarandığı üçün dekabrın 4-dən antibiotik vurulması dayandırılıb. Dekabrın 4-də qanından yenə nümunə götürülərək yoxlamağa göndərilib və qarşıdakı 4 gün ərzində analizlərin cavabı məlum olacaq. Ağ ciyərində, qanında isə infeksiya qalmaqda davam edir”.
Nəzərə çatdıraq ki, Oqtay Gulalıyevin müalicəsini Heydər Əliyev Fondu həyata keçirir.
Bəs, təmsil olunduğu KXCP-dəki partiya yoldaşları, digər təşkilatlardakı müxalifətçi dostları ona, ailəsinə yardım edirmi?
Gülalıyev ailəsinin yaxın dostlarından biri olan Şirin Cəfəri deyib ki, Oqtay bəyin hazırkı durumu ilə bağlı hələ ki, dəqiq məlumatı yoxdur: “Çünki biz onun ailəsi tərəfindən məlumat alırıq. Son bir həftədir ki, məlumat ala bilməmişik. Olan məlumat budur ki, Oqtay bəyin vəziyyəti əvvəli kimi ağır olaraq qalır. Müalicə xərclərini Heydər Əliyev Fondu davam etdirir. Yardımın dayanması ehtimalı görünmür. Müalicənin nəticəsinin necə olacağını gözləyirik”.
Ş.Cəfəri hüquq müdafiəçisinə yaxınları, dostları tərəfindən də maddi dəstəyin olduğunu da qeyd etdi: “Hadisə baş verdiyi il günlərdə Oqtay bəyin həyat yoldaşı Firuzə xanımın adına bank hesabı açıldı. İstər müxalifət, istər iqtidar, istərsə də adi vətəndaş olsun, kimin imkanı nəyə çatırsa, həmin hesaba ödənişlər edir. Məndə olan məlumata görə, hələ azda olsa, köçürmələr davam edir. Əvvəl çox sürətli şəkildə idi. Heydər Əliyev Fondu bu məsələyə reaksiya verəndən sonra proses dayandı. Çünki xərclər onların üzərindən götürüldü. İndi sadəcə məlumat alırıq ki, ara-sıra hesaba köçürmələr olur. Məbləğin nə qədər olduğunu deyə bilmərik. Bunu ancaq hesab kimin adınadırsa, o bilir, yəni Firuzə xanım. Bilmirəm ki, telefonla bu barədə mesaj gedir, ya yox. Amma hər halda hər an bunu yoxlamağa Firuzə xanımın zamanı olmaz”.
Xatırladaq ki, O.Gülalıyevi oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, kəllə-beyin travması alıb, nəticədə beyninə qan sızıb. Bir neçə saat sonra komaya düşüb. Oktyabrın 30-da Bakıda o, neyrocərrahi əməliyyat edilib.
Noyabrın 5-də Heydər Əliyev Fondunun dəvəti ilə gələn türk mütəxəssislər Gülalıyevi Türkiyəyə aparmağı tövsiyə ediblər. Noyabrın 6-da o, AZAL şirkətinin xüsusi reysi ilə İstanbula göndərilib və “Avrasiya” klinikasına yerləşdirilib. Noyabrın 19-da o, Amerikan Xəstəxanasına köçürülüb, növbəti gün burada yenidən neyrocərrahi əməliyyat olunub, başından maye çəkilib.
Müalicə ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb./musavat.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?