Bakıda velosipedçini vuraraq hadisə yerindən qaçan avtobus sürücüsü saxlanılıb.
Dekabrın 20-də saat 13 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə paytaxt sakini 1973-cü il təvəllüdlü Roman Nəsibov velosipedlə hərəkət edən zaman naməlum avtomobil tərəfindən vurulub.
Həmin şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə ölüb. Sürücü isə piyadaya heç bir yardım göstərməyərək, hadisə yerindən qaçıb.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən 131 saylı marşrut xətti ilə hərəkət edən “Daewo” markalı avtobusun sürücüsü Xanağa Novruzov saxlanılaraq istintaqa təqdim edilib.
Qeyd edək ki, avtobusun velosipedçini vurması anı müşahidə kameraları vasitəsilə də lentə alınıb.
Qeyd olunan faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1 (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?