Ümid Partiyası hesab edir ki, 2019-cu il 23 dekabr tarixdə keçirilən seçkilərdə kütləvi qanun pozuntuları baş verib, namizədlərin hüquqları pozulub, vətəndaşların seçki hüququna müdaxilə edilib. Bütövlükdə bu bələdiyyə seçkiləri xalqın iradəsini əks etdirmir.
Bu barədə dekaberın 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələrinə dair Ümid Partiyasının ilkin bəyanatında deyilir.
Sənəddə deyilir ki, bələdiyyə seçkilərinin nəticələrinə görə bu gün ayrı-ayrı bələdiyyə subyektləri ərazisində əhalinin və namizədlərin qanun pozuntuları ilə bağlı iddiaları belə deməyə əsas verir ki, bu hallar növbədənkənar parlament seçkiləri zamanı da baş verəcək.
“Hesab edirik ki, növbəti seçkilərdə analoji halların baş verməməsi üçün təxirəsalınmaz addımlar ataraq bələdiyyə seçkilərinin bu səviyyədə keçrilməsində məsuliyyəti olan şəxslərə və qurumlara qarşı ciddi ölçü götürülməlidir, qanunları pozan Mərkəzi, dairə və məntəqə seçki komissiyalarının nümayəndələri qanun qarşısında cavab verməlidir,” Ümid Partiyası bildirir.
Bələdiyyə seçkilərində seçici fəallığı 32,72 faiz olub.
“Bu seçkilər Azərbaycanda indiyə qədər keçrilən seçkilər arasında ən az seçici qatılan seçki kimi tarixə düşəcəkdir. Azərbaycan seçicilərinin bu seçkilərdə aktiv iştirak etməməsinin obyektiv səbəbləri vardır. Təbii ki, əsas səbəb inamsızlıqdır,” sənəddə qeyd edilir.
Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.
Bələdiyyə seçkilərində seçici fəallığı 32,72 faiz olub. Ölkə üzrə 4 milyon 972 min 356 nəfər səsvermə hüququ olan şəxsdən 1 627 064 nəfəri səs verib.
Ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilib. Bülletenlərə 41 min 462 namizədin adı daxil edilib.
Seçkilərdə 13 siyasi partiyanın üzvləri namizəd kimi qeydə alınıb. İqtidarda olan Yeni Azərbaycan Partiyası 1606 bələdiyyənin hər birini əhatə etməklə 14 mindən çox namizəd irəli sürüb. Seçilənlərin də əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri və bitərəflərdir.
Azərbaycanın aparıcı müxalifət qurumları - Milli Şura, Müsavat və Xalq Cəbhəsi partiyaları seçkilərdə iştirak etməyib./turan.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?