Klassik Xalq Cəbhəsi Partiyasının Sumqayıt şəhərində bələdiyyə seçkiləri ilə bağlı baş verən qanun pozuntuları haqqında bəyanatı İcra hakimiyyətinin əlavəsinə çevrilmiş bələdiyyələrin yerli idarəetmədən uzaq formal fəaliyyət göstərdiyi bir şəraitdə bələdiyyələrin hakimiyyət orqanlarının maraqları çərçivəsində formalaşması ənənəsi bu gündə davam edir. Bələdiyyə seçkilərinin bu günə kimi bütün mərhələləri kobud qanun pozuntuları şəraitində, qeyri demokratik mühitdə keçirilir. Demokratik tələblərdən uzaq seçki qanunvericiliyi, qanun pozuntuları ilə formalaşdırılmış seçki əraziləri, hakimiyyətin tam nəzarətində olan seçki komissiyaları, gerçəklikdən çox-çox uzaq seçici siyahıları və qeyri-demokratik seçkiqabağı mühit şəraitində namizədlərin verilməsi və qeydə alınması kimi seçkiqabağı təşviqat mərhələsidə kütləvi qanun pozuntuları şəraitində reallaşır. Sumqayıt şəhərində KXCP üzvlərinin seçicilərlə görüş üçün DSK-ya birinci müraciətlərinə müsbət cavab verilsə də, Nizami adına klubun qapıları görüşə gələn bələdiyyə namizədlərinin və yüzlərlə seçicinin üzünə bağlanmışdır. Namizədlərin DSK və əlaqədar təşkilatlara dəfələrlə müraciətlərinə baxmayaraq klubun qapıları açılmamış, əksinə, görüş yerinə gətirilən polislər görüş təşəbbüsçülərinə təzyiqlər etmişlər. Qeydiyyatdan keçmiş namizədlər ikinci dəfə müraciət edərək “İnşaatçılar” stadionunda seçicilərlə görüş keçirilməsinə şərait yaradılmasını xahiş etsələr də, DSK yetkililəri müraciətə heç bir cavab verməyərək seçicilərlə görüşə şərait yaratmamışlar. Baş verən qanunsuzluqlar göstərir ki, Sumqayıtda icra hakimiyyətinin əlavəsinə çevrilmiş seçki komissiyaları seçki prosesinə rəhbərlik etməkdən və seçki qanunlarını icra etməkdən çox-çox uzaqdır. Mərkəzi Seçki Komissiyasının və yüksək hakimiyyət orqanlarının azad və ədalətli seçki ilə bağlı bəyanatları bu gün Sumqayıtda söz olaraq qalır. KXCP Sumqayıtda bələdiyyə seçkiləri ilə bağlı baş verən kütləvi qanunsuzluqları seçkilərin total saxtalaşdırılmasına hazırlıq kimi qiymətləndirərək hakimiyyət orqanlarından bu günə kimi baş verən kütləvi qanun pozuntularını aradan qaldırmağı, qanun pozan vəzifəli şəxsləri məsuliyyətə cəlb edilməsini, azad və ədalətli seçki keçirilməsi üçün demokratik şərait yaradılmasını tələb edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?