Dekabrın 24-də Bakının keçmiş "Sovetski” məhəlləsindən köçürülmüş sakinlər Maliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.
Onların etirazına səbəb sökülmüş evlərinə verilən kompensasiyanın az olmasıdır.
"Verilən kompensasiya ilə ev və ya mənzil almaq mümkün deyil”.
Svetlana Qulamova deyir ki, onları aldadıblar: "Nə həyətin pulunu verdilər, nə də hamamın. Mənzilimizi 250 manatdan hesablayırlar, ancaq özləri evlərin kvadratını 1300-1400-ə satırlar. Dollar qalxdı, verilən kompensasiyayla normal şəraitli ev ala bilmədik. İndi 3 nəfərlik ailə bir dar evə sığınmışıq. Qış gəlib, xərclərimiz artıb, qaz, işıq limiti keçir. 250 manat pensiyayla kommunal , yolpulu verim, yoxsa şəkərə, zoba dərman alım?”
"Bura yığışmışıq ki, bəlkə bu gün şikayətimizə baxalar”, - bunu isə başqa şikayətçi söyləyib.
Zərnişan adlı şikayətçi deyib: "Evimiz, mülkümüz, torpağımız ola-ola qaçqın gününə düşdük. İcra hakimiyyətinin nümayəndələri gündə gedib-gəlib soruşurdular: "Çıxmırsınız?” , "Nə vaxt çıxacaqsınız?” Biz də axırda məcbur olan qalan evimizi dəyər-dəyməzinə satdıq.
Deyirlər ki, siçovullu yerdən çıxmısınız”, vallah, siçovul bizim əl-ayağımızı yemirdi. Neçə illər şəhərin mərkəzində yaşamışıq. İndi gedib düşmüşük uzağa, nə evimizin qeydiyyatı var, nə də normal şəraitimiz”.
Etiraz edən sakinlərdən biri yolun uzaqlığından gileylənib: "Bizi şəhərin mərkəzindən çıxarıb, atıblar Maştağaya, yol getməkdə, iş tapmaqda çətinlik çəkirik. İndi qaldığımız yerdən şəhərə gəlmək üçün neçə dəfə avtobus dəyişirik. Avtobusa verdiyim pulu verərəm də bir dərdimə”.
"Dərdimizi mediaya, kanallara danışanda elə bilirlər öz adamımızdı, ya pul verib özümüzü çəkdiririk. Ona görə xahiş edirəm üzümü çəkməyin”, - başqa bir şikayətçi deyib.
Sakinlər bildirib ki, əgər onların şikayətlərinə baxmasalar, növbəti aksiyanı prezidentin evinin qabağında edəcəklər.
Maliyyə Nazirliyinin hüquq məsələləri üzrə nümayəndəsi sakinlərin suallarına cavab verib.
O, şikayətçilərdən etiraz üçün niyə 3 il gözlədiklərini soruşub.
"Əgər dedikləri kimi onlara təzyiq olunmuşdusa, vaxtında polisə, məhkəməyə müraciət edərdilər”, - deyə nazirlik nümayəndəsi jurnalistlərə bildirib.//Toplum.Tv
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?