Kafe və çayxanalardakı qiymətlərdən narazılıq bitmir. Məsələ, müştəriyə təklif olunan bir çaydan çayın bahalığında da deyil (hərçənd bu da üzərində düşünüləsi məsələdi – red.). Məsələ, müştəriyə zorla nəyinsə sırınmağındadı. Azərbaycan insanı bu cür möhtəkirliklərlə daim qarşılaşır.
Həmkarımız Gülşən Raufqızı paytaxtın “Nizami” küçəsindəki kafelərdən birində rastlaşdıqları hadisə barədə sosial şəbəkədə paylaşım edib:
“Bakı bulvarında çayxanlardakı soyğunçuluqla bağlı dəfələrlə yazılıb, aidiyyəti qurumlara müraciət edilib. Analoji halla dekabrın 23-də həmkar dostlarla birlikdə “Sizdə sadə çay verilirmi” sualını “Torqovı”da (“Nizami” küçəsi – red.) yerləşən “Dafne by Dalida” restoranının girişindəki əməkdaşına ünvanlayarkən biz də qarşılaşdıq. “Bəli” cavabından sonra restorana daxil olub əyləşdik.
Masaya yaxınlaşan ofisianta menyuda seçdiyimiz 15 manatlıq çaydan iki çaynik çay və 2 qəhvə sifarişinin əvəzində eşitdiyimiz “bizdə sadə çay seçə bilməzsiniz, yalnız 60 manatlıq çay dəstgahımız var” cavabına səssiz qala bilmədik. Onlara ərəb turist olmadığımızı xatırlatdıqda, “rəhbərlik belə qərar verib, bizlik deyil” cavabını eşitdik. Həmçinin, ona qapıdakı dialoqu xatırlatdıqda “biz sizə qapıda hörmətsizlik etmək istəmədik” söylədi. “Birdəfəlik çay paketi” ilə dəmlədiyi 2 çaynik çayı bizə 60 manata sırımağa cəhd edən “Dəfnə” restoranı bu azmış kimi, üstümüzə türkcə danışan daha bir ofisiant göndərdi. Ona buranın Azərbaycan olduğunu və bizim dildə danışmasının vacibliyini xatırlatdıqda, üzünü çevirib getdi. Deməli, bizi qapıdan qaytarmağa “qıymayan” ofisiantlar, yanımızdakı azyaşlı uşaqlarla birlikdə masadan qaldırmağı rəva bildilər...”
Qeyd edim ki, oxşar halla bir müddət öncə biz də “Elmlər Akademiyası”ndakı “Padişah” kafesində rastlaşmışdıq. Çay içmək üçün kafeyə daxil olduqda bizə “sadə çay verilmir. Satışda olan şirniyyatlardan da sifariş etməlisiniz” demişdilər və biz də oranı tərk etmişdik. Bə nə deməkdir, yəni? Kafe və çayxanalar “qayğı mıza” qalır və heç bir müştərini damağını şirin etməmiş buraxmaq istəmirlər; çayı mütləq tortla, şirniyyatla, mürəbbə ilə içməlisiniz. Başqa cür olmaz! Müştəriyə bu şəkildə təzyiq edilməsində, görəsən, hansı ölkənin təcrübəsindən istifadə edilir?
Eyyub Hüseynov: “İstehlakçı seçimində sərbəstdir. Heç kim, heç bir sahibkar, satıcı müştərini nəsə almağa məcbur edə bilməz”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında bildirdi ki, müştərinin sərbəst seçim hüququ var:
“Bütün dünyada qəbul olunmuş istehlakçı hüquqları var. İstehlakçı seçimində sərbəstdir. Heç kim, heç bir sahibkar, satıcı müştərini nəsə almağa məcbur edə bilməz. Satıcı nəyisə zorla satmamalıdır. Bu nə deməkdir ki, şirniyyat almasanız, çay yoxdur?! Belə anormal vəziyyət ancaq bizim şəhərdə mümkündür. Dünyanın heç bir ölkəsində belə qayda-qanun yoxdur ki, müştəri çay içmək istəyirsə, mütləq şirniyyat, tort, ya da konfet, mürəbbə də almalıdır. Əslində, bizdə də belə qanun yoxdur. Siz hər hansı ictimai iaşə obyektində belə bir qaydanın yazıldığını görə bilməzsiniz. Bu, mümkün deyil. Sadəcə, bizim bəzi sahibkarlar onlar üçün yaradılmış münbit şəraitdən sui-istifadə edirlər. Cənab Prezident sahibkarlıq subyektlərinin sərbəst fəaliyyəti üçün hər cür imkanlar yaradıb. Sahibkarların hüquqları qorunur. Amma təəssüf ki, bəziləri bundan sui-istifadə edir. Və istehlakçının hüquqlarını pozurlar.
Kafe, restoran, əyləncə mərkəzi, şadlıq sarayı və s. bu kimi xidmət obyektləri müştəriyə yalnız menyü təqdim etməlidir. Orada bütün xidmət növlərinin dəyəri göstərilməlidir. Çayın fincanı neçəyədir, konfet, mürəbbə və yaxud şirniyyatların qiyməti neçədir. Eləcə də yeməklər, salatlar, içkilər və s. Müştəri menyüyə baxıb istədiyini sifariş edir.
Sahibkar müştəriyə zorla nəsə təklif edə bilməz. Buna onun hüququ yoxdur. Amma bizdə təəssüf ki, bu hallar təkrarlanır. Sahibkarlar müştərinin zəif tərəfindən «vurur». Tutalım, bir oğlan qızla çay içməyə gəlir, qızın yanında pərt olmamaq üçün şirniyyatdan imtina edə bilmir. Satıcı da fürsətdən yararlanıb masanın üzərini doldurur. Bəzi insanlarda da müəyyən komplekslər var. Utanırlar, desinlər ki, şirniyyat istəmirəm. Elə bilir, yanındakı, pula görə imtina etdiyini düşünəcək. Məgər çay içəndə şirniyyat da yemək məcburiyyətimiz var?!”.
Zorla mürəbbə, şirniyyat satdıran kafe və çayxanalarla mübarizə aparılmalıdır
E.Hüseynov bildirdi ki, istehlakçı hüquqlarının pozulması ilə bağlı dəfələrlə əlaqədar dövlət orqanlarına müraciət edib:
“Bizə bu məsələ ilə bağlı çoxsaylı şikayətlər olur. Biz də öz növbəmizdə dəfələrlə dövlət orqanlarına yazılı müraciətlər etmişik. Lakin dövlət orqanlarının heç birindən bir tərpəniş, bir hərəkət görməmişik. Bizə öz hərəkətsizliklərini sübut edən cavablar göndərirlər. Hesab edirəm ki, bu, istehlakçı hüquqlarının kobud pozuntusudur. İqtisadiyyat Nazirliyi bu istiqamətdə rasional və səmərəli iş aparmalıdır. Bundan əlavə ölkədə turizmin inkişafına da böyük maneədir. Heç bir Avropa şəhərində siz belə halla qarşılaşa bilməzsiniz ki, çay, hansısa içki sifariş etdikdə yanında nəsə başqa təamı zorla sırımağa çalışsınlar”.
E.Hüseynov oxşar təzyiqlərlə üzləşən istehlakçılara İqtisadiyyat Nazirliyinin 195-2 saylı «Qaynar xətt»inə zəng etməyi məsləhət gördü:
“Qoy vətəndaş bu nömrəyə zəng etsin. Cavab almasa da, bu, vətəndaşın öz hüquqlarını müdafiə etdiyini göstərəcək. Zorla mürəbbə, şirniyyat satdıran kafe və çayxanalarla mübarizə aparılmalıdır”.
Sorğu
Yeni dizaynımız necədir?