Yanvarın 5-də Mərkəzi Seçki Komissiyasının iclasında 23 dekabr 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinə namizəd olmuş bloger Mehman Hüseynovun şikayətinə baxılıb.
Mehman Hüseynovun Facebook səhifəsində yazıb ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında iştirak edib.
“Mən iclasda qısa və konkret çıxış etdim. Bildirdim ki, Azərbaycan xalqı sizi də tanıyır, məni də. Bu iclasa gəlməyə də bilərdim. Gəldim ki, sizin gözünüzə baxım görüm heç vicdan əzabı çəkirsinizmi? Belə baxıram ki, bunlar bədbəxt adamlardır”.
Mehman Hüseynov Amerikanın Səsinə bildirib ki, MSK şikayəti qismən də olsa təmin etsə də, bu qərarla razılaşmır.
“Namizəd olduğum dairənin bəzi məntəqələrinin nəticələri ləğv olundu. Saxtakarlıq edən bəzi məntəqə sədrlərini, komissiya üzvlərini cəzalandırıb, onları işsiz qoyublar. Amma bu qərar məni qane etmir. Bizim tələbimiz odur ki, həmin dairənin yekun nəticələri ləğv olunsun və səslərin sayılması yenidən keçirilsin! Mən MSK-nın iclasında bildirdim ki, bəzi məntəqlərin nəticələrinin ləğv olunması, məntəqə sədrlərinin cəzalandırılması mənə lazım deyil. Mən bu işin sonuna çıxacağam”.
Mehman Hüseynov işi məhkəməyədək aparacağını bildirib.
Mehman Hüseynovun bu açıqlamasına hələlik, 31 saylı Suraxanı ikinci Dairə Seçki Komissiyasından və Mərkəzi Seçki Komissiyasından münasibət öyrənmək mümkün olmayıb.
Mehman Hüseynov bu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində namizəd olub. İctimai rəydə favorit olmasına baxmayaraq, seçki komissiyası onun bələdiyyə üzvlüyünə seçilmədiyini bildirib.
Mehman Hüseynov ona qarşı baş verənləri sifariş hesab edir və bələdiyyə seçkilərində səsvermənin nəticələrinin saxtalaşdırıldığını bildirir.
Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Mehman Hüseynov namizədliyini 31 saylı Suraxanı ikinci Dairə Seçki Komissiyasından irəli sürmüşdü.
MSK qeyd edib ki, ölkə üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32.72 faiz olub.
Qurumun məlumatına görə, bu seçkilər zamanı ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli idi. Bülletenlərə 41 min 462 namizədin adı daxil edilmişdi.
Bəzi müxalif partiyalar bu seçkilərə qatılmayıb. Onlar deyiblər ki, ölkədə azad və ədalətli seçkilər üçün lazımı şərait yoxdur. MSK və rəsmilər belə fikirlərlə razılaşmırlar.
Bu, Azərbaycanda keçirilən 5-ci bələdiyyə seçkiləri idi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?