2019-cu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5 milyon 95 min min nəfər olub, onların 36,7 faizi və ya 1 milyon 869 min 865 nəfəri İrana səfər edib. Səfər edənlərin 28,7 faizi Gürcüstana, 17,6 faizi Rusiya Federasiyasına, 11,5 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə gedib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,5 faiz, Gürcüstana gedənlərin sayı 12,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,5 faiz artıb. Göründüyü kimi xaricə səfər edən ölkə vətəndaşları daha çox İrana üstünlük verir, onların sayı ildən ilə artır. Yalnız bu ilin 10 ayında belələrinin sayı 1,87 milyon nəfərə yaxın olub. Əminəm ki, illik əsasda bu rəqəm ötən il üzrə bütövlükdə 2 milyonu ötüb, bu barədə də məlumatı tezliklə açıqlayacam. Bu günlərdə Qasim Süleymaninin dəfninə qatılanları da nəzər alsaq, heç şübhə şübhə etmirəm ki, 2020-ci ildə səfər edənlərin sayında artım müşahidə olunacaq. Dostlar, əgər xaricə səfər edən ölkə əhalisinin hər beş nəfərindən ikisi İrana səfər edirsə, Avropa və bütövlükdə Qərbə səfər edənlərin sayı isə 5 faizdən aşağıdırsa, onda biz nədən şikayətlənirik? İrana səfər edənlərdən avropa dəyərlərinə dəstək gözləməli deyilik ki? İndiyə qədər aparılan anti-qərb təbliğatının nəticəsi necə olmalı idi ki? Yekun olaraq onu bildirmək istərdim ki, böyük ehtimalla İrana səfər edənlərin çoxunun məqsədi orda müayinə və müalicə olunmaq, ordan alış-veriş etməkdir, odur ki, İrana səfərə başqa rəng vermək istəməzdim, amma gerçəklik odur ki, vizasız, eləcə də az xərclə gediş-gəliş imkanı olan, ucuz bazarı və keyfiyyətli səhiyyə sistemi ilə qonşu ölkələrdən yaxşı mənada fərqlənən İran azərbaycanlılar üçün yaxın zamanlarda da sosial- iqtisadi cazibədarlığını itirməyəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?