AZAL və “Buta Airways” aviaşirkətləri İran üzərindən həyata keçirilən uçuşlara məhdudiyyət qoyulmasını planlaşdırmır.
Bu barədə virtualaz.org-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilirb. Çoxsaylı müraciətlər ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, AZAL və “Buta Airways” aviaşirkətləri hal-hazırda İran istiqamətində və bu ölkənin ərazisi üzərindən keçməklə yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.
O cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.
* * *13:32
Bu gün səhər saatlarında İranda baş verən hadisələrdən sonra bir sıra xarici aviaşirkətlər bu ölkə üzərindən uçuşları dayandırıblar.
İran İraqdakı Amerika hərbi bazalarına ballistik raketlərlərlə zərbələr endirib. Bu zərbələrlə təxminən eyni vaxtda Tehrandan havaya qalxan və Kiyevə uçan Ukrayna sərnişin təyyarəsi hələlik məlum olmayan səbəblərdən qəzaya uğrayıb. Təyyarə Tehran aeroportundan qalxdıqdan bir neçə dəqiqə sonra mühərriki alovlanıb. Göyərtədəki 180 sərnişin və heyət üzvləri həlak olub. Bəzi KİV-lər iddia edir ki, təyyarəyə İran raketi dəyə bilərdi.
İranın raket zərbələrindən sonra ABŞ və bir sıra digər qərb ölkələri öz aviaşirkətlərinə İran və İraq üzərindən uçuşları dayandırmağı tövsiyə ediblər. O cümlədən “Rosaviasiya” Rusiya aviaşirkətlərinə təlimat verib ki, İran və İraqın hava məkanından istifadə etməsinlər. Qazaxıstanın “Air Astana” hava yolları şirkəti də bu ölkələr üzərindən uçuşları dayandırıb, şirkət Dubay reyslərini başqa marşrutlarla həyata keçirəcəyini açıqlayıb.
Bəs Azərbaycandan İrana reyslər təxirə salınıbmı, Azərbaycan təyyarələrinin İraq və İran hava məkanından istifadəsi barədə hansısa məhdudiyyət qoyulubmu?
Qeyd edək ki, Bakıdan Naxçıvana uçuşlar İran üzərindən həyata keçirilir. Bundan əlavə, aşağı büdcəli “Buta Airways” aviaşirkəti Tehrana uçuşlar həyata keçirir.
“Azərbaycan Hava Yollar”ı QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski virtualaz.org-a açıqlamasında bildirdi ki, İrana hər hansı reys təxirə salınmayıb: “Sorğunuza cavab olaraq bildirmək istəyirik ki, qış cədvəli çərçivəsində “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik reyslər həyata keçirir və hazırki mərhələdə bu istiqamət üzrə reyslərin cədvəlinə dəyişiklik edilməsi planlaşdırılmır”.
P. Kəsəmənski həmçinin qeyd edib ki, hər hansı bir dəyişiklik olduğu təqdirdə aviaşirkət rəsmi kanallarla cəmiyyəti məlumatlandıracaq.
İran və İraq üzərindən digər ölkələrə uçuşlara gəldikdə isə P.Kəsəmənski bu barədə hər hansı məlumat vermədi: “Hansısa məlumat, təlimat olsa sizlərlə bölüşəcəyik”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?