Ötən ilin mart ayında Nizami rayonu, Qara Qarayev prospektində baş vermiş dəhşətli yanğından sonra sökülən “Diqlas” ticarət mərkəzinin yeri indi üfunət saçan zibilxanaya çevrilib.
Yanmış ticarət mərkəzinin qalıqları çoxdan sökülüb. bünövrəsi təmizlənib, ətrafı hasarlanıb. Lakin yeni tikinti yubandığından hazırda ərazi xarabalığı xatırladır. Ticarət mərkəzinin yerində indi üfunət qoxuyan nəhəng zibillik əmələ gəlib. Ticarət mərkəzinin vaxtilə qazılıb təmizlənən bünövrəsi tullantılarla, yağış və çirkab suları ilə dolub. Yaxınlıqda alver edənlər bildiriblər ki, bazardan xarab olmuş meyvə-tərəvəz əraziyə tullanır. “Yeni ticarət mərkəzinin tikiləcəyi gözlənilir, amma hələ ki, inşaat işlərinə başlanılmayıb. Nəticədə “Diqlas”ın yeri yaxınlıqdakı “8-ci kilometr bazarı” və digər ticarət obyektlərinin gündəlik tullantıları üçün zibilliyə çevrilib. Gecələr isə bazarda qalanlar oranı tualet kimi istifadə edirlər”,-ticarətçilər belə deyirlər.
Ərazinin üfunət iyi bazarın girəcəyindən hiss olunur. Satıcılardan biri deyir ki, kimin əlinə nə keçir bura atır. “Meyvə tullantısı, leş əti, zir-zibil orada qalıb çürüyür. Hələ hava qaralanda da hasarın içəri üzündən tualet kimi istifadə edirlər. Onsuz da natəmiz yer idi, söküntüdən sonra lap xarabalığa dönüb. Axşamüstü olanda uşaqları bu tərəfə tək buraxmağa qorxuruq”, - bazardan alış-veriş edən Nizami rayon sakini Məleykə Qəhrəmanova deyir. Xatırladaq ki, sözügedən ərazidə böyük ticarət mərkəzinin inşa ediləcəyi iddia edilirdi. Lakin Bakı Şəhər və Nizami Rayon icra hakimiyyətləri həmin ərazidə hansı işlərin aparılacağı ilə bağlı məlumatsız olduqlarını açıqlamışdılar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə komitəyə “Diqlas” ticarət mərkəzinin yerində hansısa obyektin tikintisi ilə bağlı heç bir layihənin təqdim olunmadığını bildiriblər.
"Diqals" ticarət mərkəzində ötən il mart ayının 26-da yanğın olub. Mütəxəssislər tərəfindən verilmiş rəyə görə, ticarət mərkəzinin binasının təməli zədələnib, dəmir konstruksiya deformasiyaya uğrayıb. Nəticədə binanın bərpası mümkün olmayıb.//Virtualaz.org
Sorğu
Yeni dizaynımız necədir?