Martın 28-dək Azərbaycan Hava Yollarından Çinə aviabilet alanlar biletləri cərimə olunmadan geri qaytara bilərlər. Bu barədə AZAL açıqlama yayıb. Qurum bildirib ki, bunun səbəbi Çində koronavirusun yayılmasıdır. Hazırda Çində 106 nəfərdən çox insanın ölümünə səbəb olan koronavirus infeksiyası yayılıb, 4 minə yaxın adama isə bu xəstəliyin diaqnozu qoyulub. ⠀
AZAL-ın məlumatına görə, sərnişinlər uçuş tarixlərini dəyişdirə də bilərlər, biletləri geri qaytara da. Yanvarın 27-də AZAL Azərbaycandan Çinə uçuşları bir aylıq dayandırdığını bildirmişdi. AZAL-ın sözçüsü Paşa Kəsəmənski BBC News Azərbaycancaya deyib ki, şirkət hər il fevral ayında Bakı-Pekin-Bakı marşrutu üzrə reysləri müvəqqəti dayandırır. Paşa Kəsəmənski deyib ki, reyslərin dayandırılmasına səbəb tələbatın aşağı düşməsidir. Onun sözlərinə görə, yanvar ayına planlaşdırılmış reyslərdə dəyişiklik nəzərdə tutulmayıb və bütün reyslər elan olunmuş vaxtda həyata keçiriləcək. AZAL-dan bildirilib ki, Çinə uçuşlar martın 8-dən yenidən fəaliyyətə başlayacaq. Çindən Bakıya həftə ərzində 2 reys AZAL və 2 reys "China Southern" aviaşirkəti tərəfindən olmaqla, ümumilikdə, 4 reys yerinə yetirilir. Bakıya Çinin Pekin və Urumçi şəhərlərindən aviareyslər var. Azərbaycanda rəsmilər koronavirusun aşkar olunmadığını deyir. Dövlət Gömrük Komitəsi isə Azərbaycanda gömrük-sərhəd buraxılış məntəqələrində insan bədəninin hərarətinin yoxlanıldığını açıqlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?