Teleqraf.com saytının müxbiri Hacı Zeynalovun Abşeron rayonu, Saray qəsəbəsində olan evində baş verən oğurluq hadisəsini törədən şəxs və ya şəxslər həbs edilməyib.
Gundemxeber.Az xəbər verir ki, bu barədə Axeber.az-a jurnalistin özü məlumat verib.
Bildirib ki, 2018-ci il dekabrın 24-dən dekabrın 29-dək olan müddətdə evinə oğrular girib: "Evin pəncərəsini sındıraraq içəri daxil olan şəxs və ya şəxslər 850 manat dəyərində "Grundg" markalı televizor, 75 manat dəyərində ət çəkən maşın, 4 ədəd bir litirlik bankalarda 500 manat məbləğində pul oğurlanıb. Dekabrın 29-da evə gələndə oğurluq hadisəsinin baş verməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat verdim. Həmçinin evimdən bütün rəsmi sənədlər oğurlanıb. Bu hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 326.1-ci maddələri ilə cinayət işi başlandı. Bu günə kimi polis cinayətin üstünü aça bilmir".
Şikayətçi qeyd edib ki, ötən ilin yanvarında Abşeron polis İdarəsindən ona oğurluq faktının üstünün açıldığını deyiblər: "Amma sonradan həmin məlumat özünü doğrultmadı. Həmin ilin noybarın sonlarında sahə müvəkkili Bədrəddin, əməliyyatçılar və çoxsaylı polis əməkdaşları evimə gəldi. Əli qandallı bir nəfəri mənə təqdim etdilər, guya bu şəxsin mənim evimdən oğurluq etdiyini dedilər. Mən də polislərə inandım, onları evimə buraxdım. Tanımadığım həmin şəxsi evimdə fotolarını çəkdilər, mənə dedilər ki, bu şəxs sənin evindən oğurluq edib. Sonradan araşdırdım ki, həmin ərəfədə Abşeron polisi iki nəfəri - Orxan Paşazadə və Əhməd Savdumov həbs edib. Həmin vaxtdan fikirləşdim ki, yəqin bu şəxslər mənim də evimdən oğurluq ediblər. Bu gün Abşeron rayon Polis İdarəsində işi araşdıran müstəntiq Yasin İbrahimlinin qəbulundə oldum. O, mənə dedi ki, sənin evindən oğurluq edənləri tutmamışıq, iş bağlı saxlanılır. Ona dedim ki, bəs, evimə bir nəfər gətirdiz, oğurluğun üstünün açıldığını dedilər. Müstəntiq həmin ərəfədə mənim evimə oğurluq edən şəxsi gətirmədiyini, həmin şəxslərin arasında olmadığını, həmin faktdan xəbərsiz olduğunu bildirdi. Dedim ki, sahə müvəkkili, əməliyyatçılar gətirib, müstəntiq söylədi ki, onlardan soruş, mənim xəbərim yoxdur. Bu hadisə hansısa dağ rayonunda yox, Daxili İşlər Nazirliyinin 15 kilometrliyində baş verir. Güman edirəm ki, ilin sonunda hesabatla bağlı bu addımı atımlar, baş verən cinayətin üstünün açılmış kimi göstəriblər.
Bununla bağlı bu gün yenidən Daxili İşlər Nazirliyinin 102 zəng xidməti ilə əlaqə saxladım, baş verən qanunsuzluqla bağlı şikayətçi oldum. Bu işdə qanunsuzluq edən şəxs və ya şəxslərin əmələrindən şikayətçi oldum. Evimdə baş verən oğurluq faktının üstünün açılmadığını halda, açıldığı kimi göstərən Abşeron rayon Polis İdarəsinin rəhbər şəxslərinin cəzalandırılmasını istəyirəm.
Hazırda öz və ailəmin həyatını da təhlükədə hiss edirəm. Çünki polisdən evimə tanımadığım şəxslər gətirilib, evimi gəzdiriblər, fotosunu çəkiblər. Bütün bu olaylardan da cinayət işinin istintaqını aparan müstəntiq xəbərsiz olduğunu deyir". Hacı Zeynalovun sözlərinə görə, oğurluq zamanı aparılan rəsmi sənədləri almaq üçün müstəntiqdən arayış istəsə də, o, arayış verməkdən imtina edir: "Müstəntiqə müraciət etdim ki, arayış ver, sənədlərimi alım. O, vaxtının olmadığını, arayış verə bilməyəcəyini söylədi. Baş verən hadisədən sonra evimin sənədlərini bu səbəbdən ala bilmirəm”.
Jurnalist əlavə edib ki, baş verən qanunsuzluqla bağlı daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Zakir Qaralova da müraciət edəcək.
Faktla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, saytımızın əməkdaşı Hacı Zeynalov uzun illər müxtəlif mətbuat orqanlarında çalışıb. O, əsasən kriminal mövzularda yazır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?