GundemXeber.Az bildirir ki, bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovanın rayonun Güzdək qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edirdilər.
Güzdək qəsəbəsindəki orta məktəbində görüş keçirilməzdən öncə, məktəblilərin əl işlərindən ibarət rəsm əsərlərinə baxış keçirildi. Baş tutan görüş-qəbulda icra başçısı Güzdək qəsəbəsinin əsas problemlərinin həll olunduğunu, əhalinin lazimi kommunikasiya xətləri ilə təmin edildiyini vurğuladıqdan sonra, o, rayonda görülən işlərdən, aparılan quruculuq - abadlıq tədbirlərindən danışıb, bu istiqamətdə olan fəaliyyətin bundan sonra da davam etdiriləcəyini sakinlərin diqqətinə çatdırdı. Keçirilən görüşdə RİH başçısının Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Orucov, qəsəbə bələdiyyəsinin sədri hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirilən abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr haqda məlumat verdilər.
Daha sonra qəsəbə sakinləri çıxış edərək icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərin reallaşmasında və problemlərin həll olunmasında müstəsna köməklik olunduğunu bildirdilər. Güzdək qəsəbəsində keçirilən səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bir neçəsi yerindəcə həll olundu, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə, müvafiq tapşırıqlar verildi. İcra başçısı mavi qazın təzyiqinin aşağı olması ilə bağlı sakinlərin haqlı narazılıqlarını nəzərə alıb, belə bir problemin həlli yöndə aidiyyatı üzrə tapşırığını verdi. Daha bir problemlə bağlı, yəni Güzdək qəsəbəsinə işləyən avtobusların müasir tələblərə cavab verməyəcəyi təqdirdə, həmin nəqliyyat vasitələrinin xətdən çıxarılması yöndə də tapşırığını verdi. Kənd ərazisində yaşıllıqların az olduğunu dilə gətirən İradə xanım onu da bildirdi ki, yerli icra nümayəndəliyi və bələdiyyə rəhbərliyi tərəfindən yaşıllıqların salınması istiqamətində lazımi addımlar atılmalıdır. Görüşün keçirildiyi vaxtlarda icra başçısı bəzi məmurları yaxşı işləməməkdə ittiham etdi və daha çox isə, bələdiyyə rəhbərliyini fəaliyyətsizlikdə qınadı. İradə xanım onu da qeyd etdi ki, hər bir vəzifə sahibi yerli sakinlərin problemləri ilə yaxından maraqlanmalı və onların həllinə çalışmalıdır.
Səyyar qəbulda iştirak edən sakinlər bu cür qəbulların çox effektli olduğunu, qaldırılan problemlərin həll edildiyini önə çəkdilər. Ötən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, problemlərin aradan qaldırıldığını vurğulayaraq çıxışçılar bütün bunlara görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirdilər. Qəsəbə sakinləri telefon xəttlərinin əhatə olunmasında və yeni salınan məhəllələrdəki küçələrin abadlaşdırılmasında köməklik göstərilməsini də xahiş etdilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?