Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 25-ci məhəllədə yaşayan sakinlər evlərinin arxasında tikinti işlərinin aparılmasından narazıdırlar.
Sakinlər bildiriblər ki, tikinti heç bir normaya uyğun aparılmır və onlara hər hansı bir sənəd təqdim olunmayıb.
Onlar məsələ ilə bağlı bir neçə quruma müraciət etdiklərini söyləyiblər. Sikayətçi Bəxtiyar Talıbov deyib ki, bütün qonşular tikintidən narahatdırlar: "Artıq 20 gündən çoxdur bir çox quruma müraciət etmişik. Amma hələ ki heç bir tədbir görülməyib. Lakin tikinti də davam edir. Heç kim bunlara demir ki, nə iş görürsünüz? Qanun və qayda ilə müraciət edirik. Pəncərələrin qarşısını tuturlar. Nəfəs ala bilməyəcəyik. Hansısa tikili ilə hasar arasında müəyyən məsafə olmalıdır. Amma heç bir məsafə saxlamayıblar. Sənəd də istəyirik, təqdim etmirlər".
Digər sakin Saniyyə Əhmədova da pəncərələrinin qarşısının tutulmasından şikayətçidir: "Bizə deyirlər ki, 5-6 kasıb adamsınız və buraya yığılmısınız. Yəni demək istəyirlər ki, sizə qaranlıq olsa da olar. Bizimlə məsləhət də eləməyiblər. Əvvəl dedilər ki, heç nə tikmirik. Sonra isə beton tökdülər. Mənim evimin iki pəncərəsi bura baxır. İşığı haradan alaq? Bunun adamı varsa, mənim pəncərəmin qarşısını bağlaya bilər? Deyə bilmərəm ki, niyə bağlayırsan"?
Qasım Mehdiyev deyib ki, tikinti başa çatandan sonra pəncərələrinin ikisinin önü bağlanacaq: "Evimin arxa hissəsində yanğın olsa, yanğınsöndürən söndürə bilməyəcək. Evim yansa, heç kim məni evlə təmin etməz".
Rafiq Əhmədov da qonşularının sözünə şərik olduğunu vurğulayıb: "Bizim şikayətə hələ ki baxılmır. Bizim yaşayışımız sanki zirzəmidəki kimi olacaq. Xahiş edirik ki, bununla bağlı ölçü götürsünlər. Burada tikinti işləri aparmaq olmaz, qeyri-qanunidir. Qanunda belə bir şey yoxdur ki, pəncərənin qarşısında obyekt tikilsin".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?