Sabunçu rayon Bakıxanov qəsəbəsi Əhmədbəy Ağayev küçəsi, ev 22-nin bir qrup sakini Musavat.com-un redaksiyasına müraciət edib. Sakinlər yaşadıqları binanın qaşısında inşa olunan qeyri-qanuni tikiliyə etiraz edirlər. Müraciətdə deyilir: «Biz Sabunçu rayon Bakıxanov qəsəbəsi Əhmədbəy Ağayev küçəsi, ev 22-nin bir qrup sakinləri sizə müraciət edərək binamızın önündə ucaldılan və az qala eyvanlarımızın toqquşduğu qeyri-qanuni tikintinin qarşısını almaqda bizə dəstək olmağınızı xahiş edirik. Bildirmək istəyirik ki, əvvəllər bağ sahəsi olan bu ərazi satıldıqdan sonra dağıdıldı və az keçməmiş yerində tikinti işlərinə başlanıldı. Təbii ki, biz bu tikilidən çox narazı qaldıq və müvafiq qurumlara şikayət etdik. Lakin bizim müraciətimizə cavab verən tapılmadı və əksinə, tikinti işləri daha da sürətləndi. Ərazini alan və tikilinin başında duran şəxs isə işin başlancığında bina sakinlərini yalan vədlərlə aldada bildi. Dedi ki, ərazidə aptek, bağça, çay evi və digər faydalı obyektlərin inşası nəzərdə tutular. Sonradan aldadıldığımızı gördük və etiraz etdik. Bizə bəlli olmayan səbəblərə görə tikinti işlərinə bir müddət ara verilsə də, hazırda işlər daha intensiv surətdə aparılır. Artıq binanın 3 mərtəbəsi tam hazırdır. Qeyd edək ki, işlər hər gün səhər saatlarından (07:00 07:30) başlayaraq axşam saatlarınadək davam edir. Bu vaxt ərzində səs-küydən istirahət etmək olmur. Yaxında yerləşən yaşayış binalarında yaşayan sakinlər arasında yaşlı nəslin nümayəndələri, körpə uşaqlar, həmçinin gecə növbəsində çalışan insanların da olmasını nəzərə alsaq, bu, insanların həm sağlamlığına, həm də istirahətinə maneçilik törədir, binaya giriş-çıxışda problem yaradır. Ən əsas problem isə həmin tikili ilə bizim binanın arasındakı məsafə fərqidir. Xahiş edirik bizim müraciəti yayımlayaraq aidiyyatı qurumların diqqətini bu məsələyə yönəldəsiniz”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?