Abşeron rayonunda iki qəsəbəni birləşdirən yol yenidən qurulur. Rayonun Mehdiabad qəsəbəsinin Qara Qarayev küçəsinə asfalt örtüyü çəkilir.
Bununla əlaqədar olaraq rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova qəsəbənin bir sıra ərazilərinə baş çəkib. İcra başçısı əvvəlcə Qara Qarayev küçəsi boyunca görülən işlərlə maraqlanıb. Məlumat verilib ki, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Mehdiabad qəsəbəsində sakinlərin gediş-gəlişininin yaxşılaşdırılması məqsədilə Qara Qarayev, Cəfər Cabarlı, Əhməd Cavad və Çingiz Mustafayev küçələri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı təmir olunur. İ.Gülməmmədova Qara Qarayev küçəsində görülən işlərlə ətraflı tanış olduqdan sonra yolun təmirinin keyfiyyətli aparılmasına dair bir sıra tapşırıqlar verib.
Daha sonra İ.Gülməmmədova adı çəkilən küçədə sakinlərlə görüşüb, onları narahat edən məsələlərlə yerində tanış olub. Sakinləri dinləyən rayon rəhbəri mövcud problemləri araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı üzrə tapşırıqlar verib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, 2 km uzunluğa malik Qara Qarayev küçəsi Mehdiabad-Fatmayi-Goradil və Binəqədi-Novxanı avtomobil yollarını birləşdirərək, həm yol boyu yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edənlərin əlavə məsafə qət etmədən rahat və təhlükəsiz gediş-gəlişini təmin edəcək. Sözügedən küçə Mehdiabad qəsəbəsinin əsas mərkəzi yollarından biri hesab olunur. Uzun müddət əsaslı şəkildə təmir edilmədən istifadə olunan küçənin yol yatağı və örtüyü deformasiyaya uğramış, çalalar və çökmələr əmələ gəlib. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirməklə ərazidə nəqliyyat axınına mənfi təsir göstərib. Bundan başqa küçənin səki hissələrinin də sıradan çıxması piyadaların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətinə maneə yaradırıb. Hazırda sadalanan problemlərin aradan qaldırılması istiqamətində agentlik təxirəsalınmaz tədbirlər həyata keçirir.
Növbəti mərhələ üzrə artıq küçənin 16 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bunun üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib. Yaxın günlərdə küçədə təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır. Bundan sonra küçə zəruri yol nişanları və üfiqi nişanlanma xətləri ilə təmin ediləcək. Qeyd edək ki, Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə 19,7 milyon manat ayrılıb. Sərəncama uyğun olaraq, Abşeron rayonunun Masazır kəndində ümumi uzunluqları 6260 metr olan 6 küçə, Qobu qəsəbəsində 7840 metr uzunluğunda 5 küçə, Ceyranbatan və Saray qəsəbələrində 5950 metr uzunluğu olan 3 küçə və Mehdiabad qəsəbəsində isə ümumi uzunluğu 6450 metr olan 4 küçə təmiri nəzərdə tutulurdu. Artıq bu çərçivədə sözügedən qəsəbələr üzrə işlərə start verilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?