Dünən koronavirusdan öldüyü deyilən qadın barədə müxtəlif məlumatlar paylaşılır. Mərhumun yaxınlarının verdiyi məlumata görə, qadın uzun illər böyrək çatışmazlığından əziyyət çəkib. Təxminən bir ay əvvəl Irana müalicəyə aparılıb. Vəziyyətinin ağır olduğu, artıq gec olduğu deyilib. Bakıya qaytarılıb və bir müddət evində yaşayıb. Sonra da böyrəkləri ilə bağlı vəziyyəti ciddiləşib və xəstəxanaya yerləşdirilib. Bu müddət ailə üzvləri ilə, oğlu, yoldaşı ilə daima təmasda olub.
Məlumat verən mənbə bildirir ki, qadının koronavirusa yoluxmasının gizlədilməsi barədə deyilənlər doğru deyil: "Qadının ölümündən 1 saat əvvəl koronavirusa yoluxduğu deyilib. Öləndən sonra yaşadığı rayona göndərilib. Təcili yardım maşını Salyanda qəzaya uğrayıb. Başqa bir təcili yardımla kəndə gətiriblər və ailə üzvlərinin iştirakına şərait yaratmadan dəfn ediblər. Hətta ailə üzvləri mərhumun müsəlman adət-ənənəsi ilə dəfn edilməsini istəyib. Buna da icazə verilməyib. Dəfndə mərhumun atası və qayınları iştirak edib. Digərlərinin iştirakına şərait yaradılmayıb, gözləməyiblər.
Qadın dünyasını dəyişəndən dərhal sonra onun oğlunu və həyat yoldaşını karantinə alıblar. Yoldaşı dəfnə gələ bilməyib. Səbəb isə onunla daimi təmasda olmaları olub. Amma heç birində şübhəli hal müşahidə edilməyib".
Hazırda qadının digər ailə üzvləri yenidən karantinə alınıb.
Mənbə qeyd edir ki, mərhum Lənkəran şəhərində, Boladi kəndində dəfn edilib.
Sorğu
Yeni dizaynımız necədir?