Son zamanlar “5-ci kalon” söhbəti daha çox dillərə düşməyə başlayıb. Prezident İlham Əliyev başda olmaqla, daha çox Azərbaycan iqtidarının məmurları tərəfindən səsləndirilən bu söz əsasən müxalifət düşərgəsini hədəfə çevirməyə hesablanıb. Əslində bunu “5-ci kalon”un diqqət yayındırma strategiyası kimi də anlamaq olar.
“5-ci kalon”un tarixi haqda qısa məlumat:
“5-ci kolon 1930-cu illərdə ispaniyada baş verən vətəndaş müharibəsi zamanı general Frankonun təxribatçı qrupunun adı idi. O vaxt Frankonun generallarından biri Emilo Mela madridə doğru yürüş zamanı demişdi: “Biz 4 kolonla hücuma keçirik, 5-ci kolon isə düşməni içəridən dağıdacaq. 5-ci kolonun vəzifəsi həm agent fəaliyyəti ilə məşğul olmaq, həm də təxribatlar yaratmaqdır”. Buna dövlətin iqtisadiyatı ələ keçirmək, təbii sərvətlərini xalqdan alınaraq, müəyyən qüvvələrin nəzarətinə salmaq kimi də əlavə etmək olar.
Kimlərdir “5-ci kalon”un nümayəndələri?
Mən 100 faiz əminəm ki, bu gün hakimiyyətin yaratdığı psixoloji təbliğatın təsirinə düşüb “5-ci kalon”dan danışan insanların əksəriyyətinin “5-ci kalon”un nə olması haqqında məlumatı yoxdur.
“5-ci kalon”un Azərbaycanda kimlərdən və nə vaxt təşkil olunmasını və bunun kökünü bilmək üçün ilk müstəqillik illərinə diqqət yetirmək lazımdır.
1988-1989-cu illərdə Azərbaycan xalqı özünün milli maraqları uğrunda meydanlara çıxdı. Sonradan Milli Azadlıq Hərəkatı adlanan bu möhtəşəm xalq hərəkatı içindən AXC kimi nəhəng təşkilat çıxardı və bu mübarizə Azərbaycanın müstəqilliyi ilə yekunlaşdı. Xalq, Milli Azadlıq Hərəkatının lideri olan Əbülfəz Elçibəyi hakimiyyətə gətirdi.
Elçibəy hakimiyyəti zamanında milli maraqları öndə tutan kifayət qədər qanunlar qəbul edildi, sərəncamlar və fərmanlar verildi. Qarabağ uğrunda savaşda nailiyyətlər əldə olundu, dövlətin sərvətləri milliləşdi, “Neft mənim deyil, Azərbaycan xalqınındır” -deyən bir prezidentin rəhbərliyi ilə Azərbaycan milli maraqlar çərçivəsində beynəlxalq layihələrə qoşulmağa başladı.
Azərbaycanın uğurlarından narahat olan qüvvələr (Tək Rusiya yox) bu gün hakimiyyətdə təmsil olnanların əksəriyyətinin iştirakçısı olduğu “5-ci kalon”u işə saldı. İlk növbədə xalqın içində bir ümidsizlik və milli hakimiyyətə inamsızlıq formalaşdıran bu dəstə, Azərbaycan Ordusunun içində təxribatlar yaradaraq, dövlətə qarşı qiyam təşkil etdilər.
1993-ci ildə “5-ci kalon” Heydər Əliyevin Bakıya gəlişini təşkil etdi və Heydər Əliyev özünün və arxasıda duran güclərin yaratdığı imkanladan istifadə edərək, “5-ci kalon”un hakimiyyətini təmin etdi.
Demokratik seçkilərlə- xalqın iradəsi ilə formalaşan hakimiyyətə son qoyuldu və əvəzində milli iradəni zorlayan hakimiyyət formalaşdı. Qarabağ və ətraf rayonlar ermənilərə təslim edildi, Qarabağ seperatçılarının da tərəf kimi qəbul olunduğu bədnam atəşkəs müqaviləsi imzalandı, Ermənistanın Azərbaycana təcavüzü, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adlandırılmağa başlanıldı, Azərbaycanın iqtisadiyyatı dağıdıldı və dövlətin sərvətləri milliləşmədən çıxarılaraq, “5-ci kalon”un yaradıcıları ilə Azərbaycanın maraqları nəzərə alınmadan bölüşdürüldü. Hətta son parlament seçkilərindəprezidentin buraxdığı parlament, yenidən köhnə Rusiyapərəst qüvvələrlə yenidən formalaşdırıldı.
“5-ci kalon”un hakimiyyəti dövründə Şərqin ilk cümhuriyyətini quran xalqın demokratiya arzusu beşiyindəcə boğuldu, Azərbaycan insan hüquqları baxımından dünyanın ən geridə qalmış xalqları ilə eyni sırada durduruldu.
Xalqın strateji hədəfinə çevrilən Bütöv Azərbaycan ideyası nağıl kimi təqdim olunaraq, Azərbaycan xalqını hədəfsiz, ancaq bu günü ilə yaşayan bir xalq halına saldılar.
Ən böyük zərbələrdən biri xalqımızn ümid yeri olan Türkiyə-Azərbaycan qardaşlığı strateji maraqlardan uzaqlaşdırılaraq, hakimiyyətlərin “dostluğu” çərçivəsinə salındı və qardaş bildiyimiz ölkə sömürücü dövlət halında təqdim edildi. Bununla da, bir zamanlar Heydər Əliyevin: “Türkiyə sizə nə verdi” – deyə dediyi sözünü həqiqətə çevirməyə başladılar.
“5-ci Kalon”un fəaliyyətinin nəticəsi olaraq, Türkiyə Azərbaycan qardaşlığını yavaş-yavaş şəxsi maraqlar səviyyəsinə salaraq, Türkiyəni fürsətçil dövlət səviyyəsində göstərməyi bacardılar.
Hakimiyyətin keçmiş diplomatlarından biri olan Arif Məmmədov: “Ölkə daxilində dövlətçiliyimizə qarşı işləyən çox nüfuzlu şəbəkə mövcuddur və bu şəbəkəyə hakimiyyətin ən nüfuzlu simaları daxildir. Bu şəbəkəyə olkənin nazirləri və nazir müavinləri, bir çox PA yüksək vəzifəli şəxsləri, səfirlər daxildir” -deyərək, “5-ci kalon”un mərkəzini göstərənlərdən biri oldu.
Bu yazıda Türkiyədə həbs edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun həbsinə də toxunmaq istəyirəm.
Xalqımızın ən yaralı yerlərindən biri də, azərbaycanlı milyarderlərin xalqdan uzaqlaşması, milli maraqlara xidmət etməmələridir. Hər zaman erməni milyarderlərin ermənilər üçün etdikləri xeyiriyyə işlərini oxuyanda , özümüzünkülərin biganəliyindən təəssüf hissi keçirirdik.
Bu boşluğu Mübariz Mənsimov doldurmağa başladı və qısa müddətdə xalqın sevimlisi, ümid qapısı olmağı bacardı. Mübariz Mənsimovun Azərbaycan xalqının gözündə yaranan hörmətindən narahat olan Azərbaycan hakimiyyəti vətənpərvər iş adamını sıxışdıraraq Azərbaycandan çıxartdı və bununla da rahat olmayıb, onun həbsini həyata keçirməyi bacardı. Bu işdə SOCAR -ın və Rusiyanın “LUKOIL” şirkətinin birgə fəaliyyəti Azərbaycanda “5-ci kalon” un kimlərdən formaşalşmasını açıq-aydın göstərmirmi?
MƏN QƏTİ OLARAQ ƏMİNƏM, MÜBARİZ MƏNSİMOVUN HƏBSİ “5Cİ KALON”UN FƏALİYYƏTİNİN NƏTİCƏSİDİR.
“5-ci kalon” hər sahəyə, bütün strateji məsələlərə nəzarət edir:
Azərbaycanın ideoloji hədəfləri Azərbaycanın Bayrağının rənglərində əks olunub. Milli mənəvi dəyərlərimizə zidd olan yaşam qaydalarını Azərbaycana sırıyanlar, bu qaydaya əks gedən insanları geridə qalmış, aşağı səviyyəli insanlar kimi təqdim etməyə başladılar və bu tendensiya günü-gündən inkşaf etməkdədir.
Xalqın mənəvi dəyərlərindən olan və Bayrağımızda yaşıl rənglə göstərilən İslam dininin möhfümatdan çıxıb, elmə söykənən şəkildə təqdim olunmasını istəyənlər, düşünülmüş şəkildə, “İslam Düşməni”, “İmam Hüseyn” düşməni adlandırılmağa başlanıldı.
Hkimiyyətlər dövlət anlayışına çevrildi. Qan qardaşlığımızı xatırladıb, Türkiyə hakimiyətini tənqid edənlər, “türk düşməni”, Azərbaycan hakimiyyətini tənqid edənlər, “Azərbaycan düşməni” adlandırıldı.
Bayrağımızda qırmızı rənglə göstərilən Avropaya inteqrasiya, müasir cəmiyyət qurmaq və demokratiyanı inkişaf etdirmək hədəfi, Avropanın dəyərlərimizə zidd ailə və məişət formalarını gətirməklə gözdən salmağa çalışıldı və bu gün də bu cür fəaliyyətlər davam etməkdədir.
“5-ci kalon” bütün gücü ilə hakimiyətdədir və, hakimiyyəti əldə saxlamaq üçün ölüm-qalım mübarizəsi aparır. Bu baxımdan “5-ci kalonu” kənarda axtaranlar yanılırlar. Bu gün “5-ci kalon”u tənqid etdiyini hesab edənlərin əksəriyyəti həmin qüvvələrin formalaşdırdığı düşüncənin daşıyıcısı olduqlarına diqqət etməli, hədəflərini düzgün müəyyənləşdirməyi bacarmalıdırlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?