“Bu addım daşınmaz əmlakın qiymətinin kəskin düşməməsi və tikilən mənzillərin satılması üçün atılıb”.
Gundemxeber.az yenicag.aza istinadla xəbər verir ki, bu fikirləri hökumətin koronavirus infeksiyası ilə əlaqədar zərər çəkmiş sahibkarlara və vətəndaşlara dəstək üçün hazırladığı Tədbirlər Planında ipoteka kreditlərinə tətbiq olunan güzəştləri şərh edən iqtisadçı Əkrəm Həsənov bildirib.
Əkrəm Həsənova görə, ipoteka kreditləri ilə bağlı Tədbir Planında nəzərdə tutulan güzəştin əsas mahiyyəti mənzil bazarında ucuzlaşmanın qarşısını almaqdan ibarətdir:
“Koronavirusla bağlı Nazirlər Kabinetinin Tədbirlər Planının 9-cu bəndində güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcminin 90 milyon manat məbləğində artırılması nəzərdə tutulub.
Məbləğ sütunu “Kompensasiya məbləği” adlandığı üçün bəziləri hesab edir ki, ipoteka krediti götürmüş şəxslərə cəmi 90 milyon manat məbləğində güzəşt olunacaq.
Lakin icra müddəti sırf aprel ayı olduğu üçün söhbətin, sadəcə, aprel ayı ərzində İpoteka və Kredit Zəmanət Fonduna ayrılan vəsaitdən getdiyini düşünürəm. Yəni, növbəti ipoteka kreditlərinin verilməsi üçün ola bilər.
Bu addım daşınmaz əmlakın qiymətinin kəskin düşməməsi və tikilən mənzillərin satılması üçün atılıb. Əlbəttə ki, mövcud vəziyyətdə yalnız ipoteka krediti götürən şəxs ev almaq istəyər.
Əsas odur ki, bu məbləğ saxta ipoteka kreditlərinə sərf olunmasın. Yəni, kimsə ipoteka kreditlərinin verilməsi mexanizminin qeyri-şəffaflığından sui-istifadə edərək, ipoteka krediti adı altında pulu götürüb, guya yaxınının evini “alaraq”, əslində isə dollara çevirərək devalvasiyanı gözləməsin”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?