Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, 5-ci sinif şagirdi atasının mobil telefonu ilə 8103-ə 90 SMS göndərib və buna görə atası İnzibatı Xətalar Məcəlləsini (İXM) 211-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) inzibati cərimə edilib.
Gundemxeber.az “AzPolitika.info”ya istinadən xəbər verir ki, tanınmış hüquqşünas Hafiz Həsənov bildirib ki, 12 yaşlı uşağın bu hərəkətinə görə mobil telefon sahibi olan atasının inzibati məsuliyyətə cəlb edilməsi qanuni hesab edilə bilməz: “Birincisi, ona görə ki, qanunvericiliyə görə törətdiyi qanun pozuntusuna görə məsuliyyətə cəlb etmənin yaş həddinə çatmayanların əməllərinə görə valideynlər (qanuni nümayəndələr) yalnız mülki-hüquqi məsuliyyət daşıyırlar.
İndiki halda bu əməli inzibati məsuliyyətə cəlb etmənin yaş həddinə (16 yaşa) çatmamış uşaq törədibsə, hətta atasının telefonu ilə olsa belə, valideyn İXM-nin 211-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilməz.
İkincisi, mobil telefondan 8103-ə təkar, çoxsaylı SMS-lərin göndərilməsi İXM-nin 211-ci maddəsində nəzərdə tutulan tərkibi yaratmır. Nə karantin qaydaları ilə bağlı Nazirlər Kabinetinin qərarında çoxsaylı SMS-lərin göndərilməməsi ilə bağlı hər hansı norma var, nə də bu, analoji hal hesab edilərək karantin qaydalarının pozulması kimi qiymətləndirilə bilər”.
Hüquqşünasın sözlərinə görə, indiki karantin rejimində bu kimi başqa hallara da rast gəlinir: “Hesab edirəm ki, bütün bunlardansa ya 211-ci maddədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasının hansı əməllərdə ifadə olunması göstərilməli, ya da İXM-nə konkret maddələr əlavə edilməlidir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?