Əslən Meşkinşəhr şəhərindən olan Tehran sakini siyasi məhbus Kazım Səfabəxş 17 aylıq həbsdən sonra aprelin 15-də sərbəst buraxılıb.
İranda insan haqları pozuntuları barədə xəbərlər yayan HRA agentliyi və İran Azərbaycanında insan hüquqları fəalları bu haqda məlumat açıqlayıb. Kazım Səfabəxş İran məhkəmə sisteminin sədri tərəfindın koronavirus təhlükəsini həbsxanlarda azaltmaq üçün verilən sərəncama əsasən azadlığa çıxıb.
İranda məhbusların müvəqqəti azadlığa buraxılmaları ölkədə və həbsxanalarda koronavirusun yayılması üzündən məhkəmə sisteminin rəhbərinin verdiyi sərəncama görə həbsxanalarda yoluxma təhlükəsini azaltmaq cəhdləri çərçivəsində həyata keçirilir.
Qəbul olunan qərara görə, 5 ildən az həbs cəzasına məhkum olunmuş məhbusların sərbəst buraxılması həyata keçirilir.
"Traktor" komandasının gənc azarkeşi olan azərbaycanlı fəal Kazım Səfabəxş keçən il iyunun 24-də Tehran İnqilab Məhkəməsi məhkəməsi tərəfindən “ictimai rəydə təşviş yaratmaq”, “sosial şəbəkələrdə bölücü qrup təşkil etmək” və “rejimə qarşı təbliğat fəaliyyəti” göstərməkdə günahlandıraraq, 13 il həbsə məhkum edilmişdi. Milli fəalin apelyasiya məhkəməsinə müraciəti nəticəsində birinci ittihamdan bəraət alaraq həbs cəzası 2 il həbsə endirilmişdi.
Səfabəxşin Tehranda Traktor futbol komandası azarkeşlərinin liderlərindən və bundan əvvəl dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı deyilir. Kazım Səfabəxş sonuncu dəfə 2018-ci il mayın 9-da Tehran kitab sərgisində "Azər Türk" nəşriyyatının pavilyonu qarşısında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı.
"Traktor" azarkeşləri həmin komandanın "Fulad" adlı komanda ilə matçında "Kazım Səfabəxşə Azadlıq!" yazılı plakatlar nümayiş etdirmişdilər.
İran həbsxanalarından koronavirusa yoluxma təhlükəsi üzündən bəzi azərbaycanlı siyasi məhbuslar sərbəst buraxılsalar da, bir sıra tanınmış fəallar - o cümlədən Abbas Lisani və Dr. Lətif Həsəni Ərdəbil və Rəcayişəhr həbsxanalarından hələ də azadlığa buraxılmayıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?