Məlum olduğu kimi dünyanı ağuşuna alan öldürücü virus insanların canını almaqda davam edir.
GundemXeber.Az bildirir ki, bir neçə gün öncə həkimlərimizdən biri koronavurusa yoluxub və dünən dünyasını dəyişib. Qeyd edək ki, Zakir Heydər oğlu Xəlilov Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Nəsimi rayon təşkilatının İdarə Heyətinin üzvü və eyni zamanda Bakı şəhər 4 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası həkimi işləyirdi. Zakir həkimin dünyasını dəyişməsi ilə əlaqədar həkim Adil Qeybullanın nekroloq yazısını oxucularımıza təqdim edirik: ''Bu gün həkimlərimiz pandemiya müharibəsinin əsgərləri kimi səngərdə, ön cəbhədədirlər. Ünvanlarına mediada “həkim terroru”, “qatil həkimlər” və sair kimi hər cür hədyanlar söylənilən həkimlərimiz bu gün dünyanın aciz qaldığı bir pandemiyaya qarşı mübarizədə insanların həyatı ilə çarpışırlar. Millətimizin xilası yolunda mübarizədə praktiki həkimlərdən tutmuş alim tədqiqatçı tibb mütəxəssislərinə qədər hər kəs köməyini və dəstəyini əsirgəmir. Hər bir həkimin həyatı təhlükədədir, səngərdə savaş aparan əsgərin həyatı tək.
Bütün əsgərlərin həyatı bizim üçün əzizdir, çünki onlar Vətən torpaqlarını qoruyurlar. Həkimlər isə milli genofondun keşiyində dayanıblar. Bizim tibb mütəxəssislərinə rişxəndlə yanaşan, onları hər cür aşağılayan, oğurluq pulları ilə adi müayinəyə belə xaricə üz tutan “xolesterin şişmanları” görəsən bunun fərqindədirlərmi? Bəyənmədikləri səhiyyəni kiminçün qurublar? Qurublarmı? Unutmayaq ki, həyat hekayələri sınaqlardan və sorunlardan keçir. Kənardan hər şey çox aydın görünür... 18 aprel 2020-ci il tarixində pandemiyanın pik dövründə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının Yasamal rayon şöbəsində çalışan 67 (!) yaşlı həkim Zakir Heydər oğlu Xəlilov COVID-19 virusunun ağırlaşmasından vəfat etdi. O, təqaüddə ola-ola könüllü şəkildə vətəndaşlarımızın həyatını bu bəladan xilas etmək üçün çarpışırdı və nəticədə virusa yoluxdu. Koronavirusa yoluxduqdan sonra bir həftədən artıq reanimasiya şöbəsində müalicə alsa da həyatını xilas etmək mümkün olmadı. Əslində o şəhid oldu, adını milli səhiyyəmizin tarixinə həkk etdi. Bütün həyatını demokratiya və millətin gələcəyinə həsr etmiş, ilk günlərdən milli-azadlıq hərəkatının ön sıralarında olmuş ləyaqətli ziyalı Zakir həkim üçün sözün həqiqi mənasında bu bir şəhidlik zirvəsi hesab edilməlidir! Onun xatirəsi millətimizin və xüsusilə, hərəkat dostlarının qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin! Ruhu şad olsun! Ailəsinə dərin hüznlə başsağlığı verirəm. Hörmətlə, Adil Qeybulla''
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?