Aprelin 20-də Bakı Apellyasiya Məhkəməsi hakim Kamran Əkbərovun sədrliyi ilə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Müsavat Partiyasının funksioneri Tofiq Yaqublunun həbsinin ləğvi ilə bağlı şikayətini təmin etməyib. Qapalı keçirilən məhkəmə prosesində Yaqublunun özü də iştirak edib.
Tofiq Yaqublu martın 22-də xuliqanlıq və bədənə xəsarət yetirmək ittihamı ilə həbs edilib. O bildirib ki, park edilmiş avtomobilini başqa bir avtomobil vurub və həmin avtomobildə olanlar Yaqubluya hücum edib, sonda müxalifət fəalı günahlandırılıb.
Bir çox beynəlxalq təşkilatlar Tofiq Yaqublunun həbsini pisləyərək hakimiyyəti onu dərhal azad etməyə çağırıb.
Müxalifətçinin tərəfdarları əmindir ki, həbsin əsl səbəbi hakimiyyətin siyasətini kəskin tənqid etməsi və Yaqublunun Facebook sosial şəbəkəsindəki yazılarıdır. Onun həbsi prezident İlham Əliyevin müxalifətin ünvanına söylədiyi tənqiddən bir neçə gün sonraya təsadüf edir.
Bugünkü məhkəmədən sonra vəkil Elçin Sadıqov bildirib ki, müdafiə tərəfi yaxın günlərdə Yaqublunun ev dutaqlığına buraxılması ilə bağlı vəsatət verəcək.
Həbsim ifadə azadlığı ilə bağlıdır. Tofiq Yaqublu
Vəkilin sözlərinə görə, məhkəmədə Tofiq Yaqublu ittihamın sifariş odluğunu bildirib.
"O, apellyasiya şikayətini müdafiə etdi və həbsinin ifadə azadlığı ilə bağlı olduğunu bildiridi. Dedi ki, həbsi Facebook-da yazdığı statuslar və Amerikanın Səsinə verdiyi müsahibə ilə bağlıdır,” vəkil qeyd edib.
Sadıqov deyib ki, ev dustaqlığı ilə bağlı vəsatətləri də təmin edilməsə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklər.
Vəkil Nemət Kərimli isə deyib ki, hadisə ilə bağlı bütün sübutlar Tofiq Yaqublunun telefonunun yaddaşındakı video görüntülərdir.
“Onun telefonunu isə götürüblər. Tofiq Yaqubludan telefonun kodunu öyrənməyə çalışırlar. İndiyədək telefon qaytarılmayıb. Yəqin ki, telefonun kodunu sındırb video görüntüləri siliblər,” vəkil belə güman edib
Yaqublunun qızı Nigar Həzi hakimiyyətin Tofiq Yaqublunu uzun müddət həbsdə saxlaya bilməyəcəyini bildirib. "Çünki beynəlxalq ictimaiyyət hakimiyyətin siyasi rəqibini həbs etməsini kəskin pisləyir", o bildirib.
“Amnesty İnternational təşkilat “Tofiq Yaqublunu azad et!” təşəbbüsü ilə məktub kampaniyasına başlayıb. Hazırda bu kampaniyanın yeni mərhələsi başlayacaq,” Nigar Həzi qeyd edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?