“Mövcud vəziyyətlə bağlı Müdafiə nazirinin göstərişi ilə ərzaq bazalarına giriş və çıxış məhdudlaşdırılıb. İndi bu məsələləri karantin rejiminin tələblərinə uyğun olaraq, daha ciddi nəzarətdə saxlayırıq. Belə ki, hərbi hissələrə daxil olan bütün hərbi avtomobillər, həmçinin, təminedici şirkətlərin yük avtomobilləri dezinfeksiya edildikdən sonra anbarlara buraxılır. Eləcə də, anbarlara daxil olan hər bir şəxsin temperaturu ölçülür, onlara əlcək və maska verilir. Həmçinin, hərbi qulluqçuların ictimaiyyət arasına tez-tez çıxmaması, yoluxma hallarının qarşısının alınması məqsədilə bir sıra digər zəruri addımlar atılır”.
Gundemxeber.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin xidmət rəisi polkovnik Eldəniz Yəhyayev hərbi qulluqçuların qida rasionu, təminatı, o cümlədən ərzaqların saxlanılması şəraiti ilə bağlı vəziyyəti açıqlayarkən deyib.
O bildirib ki, bu gün Azərbaycan Ordusunun ərzaq təminatı Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq normalar üzrə həyata keçirilir:
“Normalara uyğun olaraq, Ərzaq Xidməti hər ilin sonunda növbəti il üçün sifarişlər hazırlayaraq, Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinə təqdim edir. Sifarişlər hazırlanarkən normalara uyğun olaraq, məhsulların çoxçeşidliyinə diqqət yetirilir. Bunun nəticəsidir ki, hər il ərzaq anbarlarına 100 addan çox ərzaq daxil olur.
Anbarlara ərzağın gətirilməsi və paylanılması mərkəzləşmiş şəkildə aparılır. Ərzaq anbarına gətirilməli olan qidaların uyğunluq, gigiyena sertifikatları, eləcə də qida əgər xarici ölkədən gətirilirsə, onun radiasiya şüalanmasına qarşı aparılmış laborator sənədləri təminedici şirkətlər tərəfindən təqdim olunur. Gətirilən məhsullardan nümunələr Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasına təqdim olunur. Məhsulların keyfiyyəti laborator müayinələrlə tam yoxlanılır. Laboratoriya müsbət cavab verdikdən sonra ərzaq mərkəzi anbara, oradan da hərbi hissələrə göndərilir”.
Müdafiə nazirinin xüsusi göstərişinə əsasən, əsgərlərin gündəlik qida rasionunda vitaminli qidaların daha da gücləndirildiyini, rasiona C vitamini ilə zəngin olan meyvə və tərəvəzlərin daxil edildiyini deyən E.Yəhyayev pandemiya təhlükəsi ilə əlaqədar hərbi hissələrdə aparılan qabaqlayıcı tədbirlərdən də danışıb:
“Hərbi hissələrdə ərzaq təminatı ilə məşğul olan bütün şəxsi heyət müntəzəm olaraq yoxlamadan keçirilir. İstifadə olunan mətbəx avadanlıqları, şəxsi heyətin qidalandığı bütün qablar xüsusi məhlullarla yuyulur, dezinfeksiya olunur. Təhlükəsizliyi və təmizliyi tam təmin etmək üçün hərbi hissələrdə komandirlər nəzarət qrupları yaradıb. Bu qruplar şəxsi heyətin yeməkxanaya girişi zamanı əllərini spirt tərkibli antiseptik vasitələrlə dezinfeksiya etməsinə, eləcə də digər proseslərə ciddi nəzarət edirlər”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?