Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib.
Belə ki, şöbə əməkdaşları keçirilən tədbirlərlə rayon sakini Ümid Mirzəyev rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Ü.Mirzəyevin üzərinə keçirilən şəxsi baxış zamanı ondan iki bükümdə çəkisi 0,439 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Ü.Mirzəyev ifadəsində narkotik maddəni rayon sakini, əvvəllər məhkum olunmuş Adil Nəsrullayevdən 20 manata aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan A.Nəsrullayev də şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı bir bükümdə çəkisi 0,576 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Keçirilmiş tədbirlərlə A.Nəsrullayevin narkotik maddələri əldə etdiyi mənbə də müəyyənləşdirilib. Polis əməkdaşları tərəfindən ona satmaq üçün narkotik vasitəni verən rayon sakini, “Qara Zaur” kimi tanınan Zaur Ömərov da tutularaq istintaqa təqdim olunub.
Saxlanılan zaman onun üzərindən iki ədəd kağız bükümdə çəkisi 1,033 qram, yaşadığı evdən isə ümumi çəkisi 1.4 qram olan üç bükümdə və 240 qram olan sellofan torbada saxladığı qurudulmuş marixuana, eləcə də dibçəklərdə yetişdirdiyi 11 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Bundan əlavə, Z.Ömərov saxlanılan zaman onunla birlikdə narkotik maddə istifadə edən dostu Seymur Hacıyev də saxlanılıb.
Qeyd olunan faktlarla bağlı Quba RPŞ-də cinayət işi açılıb. Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Sorğu
Yeni dizaynımız necədir?