Müsavat Partiyası Bakıda, Sumqayıtda, Lənkəranda və digər şəhərlərdə elan edilmiş sərt karantin rejimi çərçivəsində şənbə və bazar günləri tətbiq olunan qaydaları pozan vətəndaşlara qarşı aşırı güc tədbiq olunmasını, qanunda nəzərdə tutulmayan formada vətəndaşlarla davranılmasını yolverilməz hesab edir.
Polisin karantin tədbirlərini pozan insanlara xəbərdarlıq etməli, maksimum halda həmin vətəndaşları cərimə etməklə kifayətlənməli olduğu halda, fiziki güc və işgəncə tətbiq etməsi kütləvi hal alıb.
Müsavat Partiyası hüquq mühafizə orqanlarının, karantin dövründə məsuliyyətsiz davranan, tədbiq olunan qaydalara əməl etməyən vətəndaşlara qarşı qanun çərçivəsində, məsuliyyətlə və səlahiyyətlərindən sui-istifadə etmədən tədbirlər görməli olduğunu bildirir.
Müsavat Partiyası yuxarıda qeyd olunan davranışlar zamanı vətəndaşlarla polis arasında yaranmış insidentdən sonra, bu gün səhər saatlarında Çevik Polis Alayının Yasamal rayonu Dadaş Bünyadzadə küçəsindəki mənzillərə məhkəmə qərarı olmadan, hüquqa zidd formada daxil olaraq inzibati hüquqpozmada şübhəli bilinən şəxslərə qarşı qatı cinayətkarlar kimi davranılmasını, evlərdəki azyaşlı və yaşlı insanlara, xəstələrə psixoloji stress yaşatmaqla vətəndaşlara qarşı amansız davranışını, elementar etik qaydaların belə gözlənilməməsini Azərbaycan dövləti və polisi adına rüsvayçı davranış hesab edir. Bu qərarı verənlərin və icraçılarının müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmasını tələb edir.
Sorğu
Yeni dizaynımız necədir?